İyulun 20-də axşam saatlarında paytaxt Bakının bəzi rayonlarında elektrikin verilməsində fasilələr yayanıb. .
"Azərenerji" ASC-nin məlumatına görə, buna səbəb iki yüksək gərginlikli elektrik verilişi xətlərində qısa qapanmalar olub.
Rəsmi məlumata görə, iyulun 20-i saat saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində elektrik enerjisi kəsintisinə səbəb 1 və 2 saylı "8-ci kilometr" və "Həzi Aslanov" yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda naməlum səbəbdən qısaqapanın baş verməsidir.
Nəticədə, Nizami və Xətai rayonlarında elektrik istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət qoymaq məcburiyyəti yaranıb, deyə "Azərenerji"nin məlumatında bildirilir.
Bu zaman "Azərenerji" "Azərişıq" ASC enerji paylaşdırıcı şirkətinin Mərdəkan qəsəbəsində "Şimal" elektrik stansiyasının dayanması haqqında məlumatını təkzib edib. Bu elektrik stansiyasının işində heç bir dəyişiklik müşahidə olunmayıb, deyə "Azərenerji" iddia edir.
Xatırladaq ki, iyulun 3-də gecə və axşam Mingəçevir İES-də qəza nəticəsində enerji kəsintiləri baş verib.
İyulun 12-də də Bakı və bir çox rayonlar bir neçə saat işıqsız qalıb və bu, Ağsu və Yevlax rayonlarında yüksək gərginlikli elektrik verilişi xətləri yaxınlığında buğda tarlalarında yanğınla izah olunub.