Accessibility links

Əli İnsanovun həbs müddəti martın 11-dək uzadılıb


Əli İnsanov
Əli İnsanov

Yanvarın 10-da Qaradağ rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında keçmiş səhiyyə naziri Əli İnsanov barəsində seçilmiş həbs qətimkan tədbiri martın 11-dək uzadılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Toğrul Babayev bildirib.

Onun sözlərinə görə, Əli İnsanov məhkəmədə iştirak etməyib.

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona qarşı Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

2016-cı il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş nazirin üç ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb.

İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb. “Bu, açıq-aşkar 11 illik həbs müddətinin başa çatmasına 9 gün qalmış mənim azadlığa çıxmağıma mane olmaq üçün atılmış böhtandır”, İnsanov qeyd edib.

Avropa İnsan Hüquqları Məhkəməsi İnsanovun hüquqlarının pozulduğunu tanıyıb və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Məhkəmə prosesləri zamanı İnsanov Azərbaycan hakimiyyətini və şəxsən prezident İlham Əliyevi kəskin şəkildə tənqid edib.

Hüquq müdafiə təşkilatları İnsanovu siyasi məhbus kimi tanıyır.

XS
SM
MD
LG