Accessibility links

Əli Həsənov: QHT-lər və media demokratik azadlıqlardan sui-istifadə hallarına yol verməməlidir


Əli Həsənov
Əli Həsənov

Hökumət rəsmisi QHT-lər və həbslərlə bağlı son duruma münasibət bildirib

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı son vaxtlar atılan addımlar barədə AzərTAC dövlət agentliyinə müsahibə verib.

O bəzi Qərb dairələrinin, bir sıra xarici təşkilatların və media orqanlarının Azərbaycanda "avtoritar", "diktatura" və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi ilə bağlı iddialarını əsassız və qərəzli adlandırır.

Şöbə müdirinin sözlərinə görə, mövcud boşluqlardan istifadə edən bəzi xarici və daxili dairələr Azərbaycanın milli qanunvericiliyinin tələblərinə zidd şəkildə siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyətinə nüfuz edib, onları bu və ya digər qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq istiqamətləndiriblər.

"Bəzi QHT-lər "xalq diplomatiyası" adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər. Ən acınacaqlısı isə odur ki, bu tipli QHT və fiziki şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin dairələr tərəfindən "vətəndaş cəmiyyətinə basqı", QHT-lərin və medianın fəaliyyətinin "məhdudlaşdırılması" kimi qələmə verilir. Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunur".

Əli Həsənov Azərbaycanda istər qanunvericilik, istərsə də praktiki baxımdan vətəndaş cəmiyyəti institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şəraitin tam təmin edildiyini deyib.

“Hökumətin əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin edilsin", o qeyd edib.

XS
SM
MD
LG