Accessibility links

Leyla Yunus: Qərarı gözəl anlayıram - Arifi də, məni də fiziki olaraq məhv etmək


Leyla Yunus həbs edilərkən
Leyla Yunus həbs edilərkən

Leyla Yunus həyat yoldaşının MTN-nin təcridxanasına köçürülməsindən narahatdır. L.Yunus və onun müdafiə komitəsi bəyanatla çıxış edib

Həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunus bəyanatla çıxış edib. O həyat yoldaşı Arif Yunusun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına köçürülməsindən narahatdır. Leyla Yunusun hüquqlarının ictimai Müdafiə Komitəsi isə hüquq müdafiəçisinin dərmanlarının çatdırılmasına icazə verilməməsini pisləyən açıqlama yayıb. Bununla yanaşı hüquq müdafiəçisinin və onun müdafiə komitəsinin bəyanatlarına hələ rəsmi münasibət bildirilməyib.

Hər iki bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq. İlk öncə Leyla Yunusun bəyanatı:

“30 iyun 2014-cü il tarixində mən və həyat yoldaşım Arif saxta ittihamlarla bir sıra ağır cinayətlərdə, o cümlədən, dövlətə xəyanətdə günahlandırıldıq. Elə həmin gün məni həbs edib, Kürdəxanı istintaq təcridxanasına gətirdilər.

Avqustun 5-də Arifi həbs etdilər və Kürdəxanıya gətirdilər.

Avqustun 7-də isə onu MTN təcridxanasına apardılar. Mən siyasi məhbus problemi ilə uzun müddətdir məşğulam və MTN-dəki işgəncələrdən çox yaxşı xəbərdaram. Qərarı da gözəl anlayıram – ailəmizi – Arifi də, məni də fiziki olaraq, məhv etmək.

2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra məni də öldürüləcəyim barədə xəbərdar etmişdilər. Əlbəttə ki, mən də qorxurdum. Amma, görünür, o zaman – biz bu məlumatı yaymışdıq – öldürmək qərarından vaz keçdilər. Bu günsə, 2014-cü ildə Azərbaycandakı qanlı tiraniya artıq heç bir sərhəd tanımır.

Mən tam aydınlığı ilə anlayıram bunu – mənə və Arifi vəhşicəsinə, ölənəcən əzab verəcəklər...

Əziz əqidədaşlar, danışın bu barədə! Ucadan danışın! Qoy eşitsinlər və bilsinlər ki, Azərbaycanda – Avropa Şurasına rəhbərlik edən ölkədə necə bir qanlı tiranlıq hökm sürür”, Leyla Yunusun bəyanatında deyilir.

***
Leyla Yunusun hüquqlarını Müdafiə Komitəsi isə bunları bildirir:

“Arif Yunusun həbsindən sonra Leyla Yunusa sovqat, o cümlədən, ərzaq və dərman aparılması üçün dostlar müstəntiqdən icazə istəyiblər. Müstəntiq İbrahim Ləmbəranski bu icazənin verilməsini uzadır. Leyla Yunusun dərmanları bitib və bu dərmanlar ona çatdırılmasa, vəziyyəti çox pis olacaq”, Müdafiə Komitəsinin açıqlamasında deyilir.

XS
SM
MD
LG