Accessibility links

Əli Kərimli pasport almaq üçün yenidən müraciət edəcək


Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli Avropa Məhkəməsinin ona xarici pasport verilməməsi ilə bağlı şikayətini təmin etməsinə münasibət bildirib.

“Hökumətə qalib gəldim. Amma hələlik Avropa İnsan Haqları Məhkəməsində”, deyə AXCP sədri Əli Kərimli Avropa Məhkəməsinin qərarına münasibət bildirib.

Onun sözlərinə görə, hökumət ona 10 ildir xarici pasport vermir.

“Hökumət xarici səfərlərimin qarşısını alır. 2005-ci ilə qədər tez-tez xarici səfərlərdə olurdum. Xarici ölkələrin hökumət, parlament təmsilçiləri, mətbuat nümayəndələri ilə çoxsaylı görüşlərim olurdu. 2006-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) müxalifət təmsilçisi olaraq çıxış etmişdim. 2005-ci il parlament seçkiləri saxtalaşdırıldığına görə AŞPA-ya təklif etmişdim ki, saxta yolla deputat təyin olunmuş şəxslərin mandatını tanımasın. Bundan sonra ölkədən çıxışıma qadağa qoyulmuşdu”, o qeyd edib.

Kərimli ölkədaxili bütün məhkəmə instansiyalarını keçdikdən sonra, 2009-cu ildə Avropa Məhkəməsinə müraciət edib.

“Hökumət mənə pasport verməkdən imtinanı 1994-cü ildə mənə qarşı başlanmış saxta cinayət işi (məşhur qumbara işi) ilə əsaslandırırdı. Avropa Məhkəməsi təsdiq edib ki, hökumətin bu iddiaları tam əsassızdır. Avropa Məhkəməsi hüquqlarımın pozulduğunu, hökumətin xarici səfərlərimə, o cümlədən siyasətçi kimi işimlə bağlı səfərlərə mane olmasının qanunsuz olduğunu təsbit edib. Avropa Məhkəməsi mənə vurulmuş mənəvi zərərə və məhkəmə xərclərinə görə hökuməti 8600 avro məbləğində cərimələyib. Avropa Məhkəməsinin qərarları Azərbaycanda da icra olunmalıdır. Avropa Məhkəməsinin qərarından sonra xarici pasport almaqdan ötrü Daxili İşlər Nazirliyinə yenidən müraciət edəcəyəm”.

AXCP sədri hesab edir ki, Avropa Məhkəməsinin qərarı sırf hüquqi mübahisəyə aydınlıq gətirsə də, bu qərarın siyasi tərəfləri də var.

“Çoxunuz bilirsiniz ki, Avropa Məhkəməsi 2012-ci ildə qəbul etdiyi qərarla 2005-ci il parlament seçkilərində xalq tərəfindən millət vəkili seçildiyimi, lakin millət vəkili mandatımın qeyri-qanuni ləğv edildiyini təsbit etmişdi. Beləliklə, Avropanın ən nüfuzlu məhkəməsi tərəfindən artıq ikinci dəfədir ki, mənim müxalifət lideri olaraq hüquqlarımın pozulduğu təsdiq olunur. Ən yüksək səviyyədə təsdiq olunur ki, iqtidar öz rəqibi ilə ədalətli rəqabət aparmır. Bəs deyirdilər ki, ölkədə güclü iqtidar və zəif müxalifət var? Nə oldu? Heç güclü, özünə güvənən qüvvə də yarışdığı rəqibin əl-qolunu zorla bağlatdırar? Yarışmadan əvvəl rəqibin əl-qolunu bağlatdıranı kim güclü qüvvə sayar?” o qeyd edib.

Azərbaycanın rəsmi orqanları hələ Avropa Məhkəməsinin qərarına münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG