Accessibility links

AMEA prezidenti ilin elmi yekunlarından danışıb [Video]


AMEA prezidenti ilin elmi yekunlarından danışıb
please wait

No media source currently available

0:00 0:02:57 0:00

Akif Əlizadə AMEA-nın beynəlxalq reytinqdə 200 bal irəlilədiyini deyib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. Akademik 2014-cü ili elm aləmi üçün uğurlu adlandırıb.

Əlizadə akademiyanın nəzdində çalışan alimlərin humanitar elmlər sahəsində tədqiqatlarının, dəqiq elmlər sahəsində uğurlu kəşflərinin olduğunu və AMEA-nın beynəlxalq reytinqdə 200 bal irəlilədiyini deyib.

O, Azərbaycanda elmin sosialist idarəetmə fəlsəfəsindən uzaqlaşmaqda olduğunu bildirib. “Azərbaycan Milli Elmlər Akademiyasında kadr hazırlığında gənclərə böyük önəm verilir”, o qeyd edib.

AMEA prezidenti alimlərin sosial problemlərindən danışarkən deyib ki, akademiyanın poliklinikasının layihəsi hazırlanır. “AMEA-nın yataqxanasının yerində yaşayış binaları inşa olunur. Bu işlər də yekunlaşmaqdadır. Bundan başqa, AMEA-nın məlumat bankı hazırlanıb. Biz həmçinin biznesmen-alim söhbətinin aparılmasına hazırıq. Bu yeni formadır və bizim təkliflər biznes tərəfindən qəbul olunur. AMEA 2014-cü ildən tədricən büdcədən kənar vəsait əldə etməyə çalışır. Bu da innovativ təkliflər paketini bizneslə əlaqələndirməyə imkan verir”.

Əlizadə jurnalistlərin suallarına da cavab verib.

O, Amerikanın Səsinin büdcədən elmə ayrılan vəsaitlə bağlı sualından yayınıb. Akademik büdcədən elmə ayrılan vəsaitin miqdarını və elmi tədqiqtalar üçün bəs edib-etmədiyini deməyib. “Büdcədən ayrılan vəsaitin elmə sərf edilməsinə gəlincə, biz gözləmirik ki, büdcədən ayrılan vəsait artsın. Akademiya, alim özü qazanmalıdır. Oturub kimdənsə hansısa işi gözləmək sovet düşüncəsi idi. Bu gün alimlər innovativ elmin inkişaf etməsini istəyir”, o qeyd edib.

A.Əlizadə AMEA-nın hüquqi baxımından problemlərinin həll olunmaqda olduğunu deyib. Belə ki, ölkə prezidenti AMEA-nın yeni nizamnaməsini imzalayıb.

Bununla yanaşı Milli Məclis hələ də “Elm haqqında” yeni qanun layihəsini müzakirəyə çıxarmayıb.

Akademik suallara cavabda deyib ki, bu il ilk dəfə olaraq AMEA-nın 7 institutunun bazasında dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası ixtisasları üzrə magistraturaya qəbul aparılacaq.

Eyni zamanda doktorantura pilləsinə qəbul kəskin azaldılıb. “Bu il AMEA-nın doktorantura pilləsinə 100-120 nəfər qəbul aparılıb”.

Prezident hesab edir ki, alimləri yetişdirmək üçün bütün istiqamətlər nəzərə alınmalıdır. “Magistraturaya, doktoranturaya qəbul hazırlanırsa, lisey-gimnaziya nəzarətsiz qalır. Razılaşmaya əsasən Təhsil Nazirliyi AMEA-ya 2 lisey ayrıb. Həmin liseylərdə 6-cı sinifdən yuxarı akademiyanın alimləri müxtəlif istiqamətli tədris aparacaq. Zənciri davam etdirmək üçün hələlik akademiyanın universiteti yoxdur. Gənc alimlər liseydə oxuyub, sonra təhsillərini ali məktəbin bakalavr pilləsində davam etdirməli, sonra isə AMEA-nın magistraturasına, doktoranturasına üz tutmalıdır. Biz bu elm zəncirini təşkil etməyə çalışacağıq”.

Xarici ölkələrdə ali məktəblərə qəbulu asanladırıb, əvəzində tədris sistemini çətinləşdirirlər, Azərbaycand isə əksinə ali məktəbə qəbulu çətinləşdirlər. A.Əlizadə bunun səbəbləri ilə bağlı Amerikanın Səsinin sualının cavabında deyib ki, Təhsil Nazirliyi tərəfindən müəyyən islahatlar aparılır. “Biz gənc naziri dəstəkləyirik. Təhsil sahəsi çox ağır sahədir və bəzi çatışmazlıqlar var. Azərbaycanda tətbiq olunan Boloniya sistemi bu gün bizdə tam qavranılmır. Sistemin özünün nüansları, incəlikləri var. Müxtəlif ölkələrdə bu keçid zamanı konstruktiv dəyişiklər edirlər. Biz isə sovet sistemindən birbaşa Boloniya sisteminə keçdik. Bu da ağır olur”.

Әlizadə bu il akademiya tərəfindən alimlər üçün “Qızıl medal” və adlı mükafatlar təsis edildiyini də diqqətə çatdırıb. “Qızıl medal” iki alimə veriləcək. Medalların biri azərbaycanlı alimə, digəri isə xarici alimə veriləcək. Bu ilin aprelində Rəyasət Heyətinin ümumi yığıncağında “Qızıl medal”lar ilk dəfə olaraq ən yüksək elmi nailiyyətə görə təqdim ediləcək”.

Akademik həmçinin AMEA tərəfindən müxtəlif hüquq sahələrini əhatə edən ədəbiyyatlar toplularının hazırlanmasına başlanacağını, akademiya kitabxanasının işinin yenidən təşkil olunacağınnı bildirib.

O, Bakı şəhər meriyasına AMEA-nın Rəyasət Heyətinin binasının üzərində sovet dövründən qalan rəmzlərin və yazıların dəyişdirilməsi ilə müraciət etdiyini deyib.

Əlizadə “akademiya şəhərci”yinin (Science city) yaradılması istiqamətində təşəbbüs irəli sürüləcəyini də qeyd edib. “Prezident ilk görüşdə bu işlərimizi dəstəkləyib. Sadəcə, şəhərcik üçün hələlik yer müəyyənləşməyib. Yeri müəyyən etsək, şəhərcik məsələsi həll olunacaq”.

O, hazırda AMEA yaradılmasının 70 illik yubileyinin keçirilməsinə hazırlıq işləri görüldüyünü də diqqətə çatdırıb.

XS
SM
MD
LG