Accessibility links

İranlı idmançı Elnaz Rekabinin ölkədən çıxışına qadağa qoyulub


Elnaz Rekabi
Elnaz Rekabi

Əslən İran Azərbaycanının Zəncan şəhərindən olan iranlı idmançı Elnaz Rekabinin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Rekabi daha əvvəl Cənubi Koreyada keçirilən Qayaya Dırmanma üzrə Asiya çempionatında hicabsız iştirak edib. Bu səbəblə də bu iranlı qadın idmançının hicab qaydalarına əməl etmədiyi üçün həbs edilmə və ya ölkədən çıxışına qadağa qoyulması ehtimalı barədə narahatlıqlar olub.

Lakin İran Alpinizm Federasiyasının rəhbəri Rza Zarei İran mətbuatına Rekabinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı bildirib ki, bunun səbəbi Cənubi Koreyadan qayıdandan sonra “idmançının pasport idarəsinə müraciət etməməsi və bəzi inzibati prosedurdan keçirməməsi olub.”

Rza Zareinin sözlərinə görə, Elnaz Rekabi İspaniyaya gedərək məşq etmək və turnirdə iştirak etmək istəyib, ancaq bu problemlə üzləşib.

İran Alpinizm Federasiyasının rəsmisi həmçinin deyib ki, idmançı ölkədən çıxmaq istədiyi zaman hava limanında ölkədən çıxışına qadağa qoyulduğunu öyrənib, ancaq həmin zaman Novruz bayramı günlərinə təsadüf etdiyi üçün problemini həll edə bilməyib."

Keçən il oktyabr ayında İranda ümummilli etirazlar davam edərkən Elnaz Rekabinin Cənubi Koreyanın Seul şəhərində iştirak etdiyi Qayaya Dırmanma üzrə Asiya çempionatında iranlı qadın idmançılardan tələb olunan hicab qaydalarına əməl etmədən yarışması, ölkədə bir çox etirazçının rəğbətini qazanıb və Tehranda hava limanında ölkəyə gəldiyi zaman insanlar onu coşqu ilə qarşılayıb.

XS
SM
MD
LG