Accessibility links

AXCP fəalının cinayət işi üzrə hazırlıq iclası keçirilib


Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)
Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 14-də Fikrət Qəribovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin (Abdullazadə) işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Əli Mehdiyev bildirib ki, Abdullazadə yanvarın 8-də saat 11.00 radələrində saxlanılıb, lakin onun geyiminə baxış 19.30-da keçirilib və guya üzərindən narkotik tapılıb.

“Bütün bu müddət ərzində o, qanunsuz olaraq polisdə saxlanılıb”, deyə vəkil bildirib.

Abdullayevin hüquqlarının pozulduğunu bildirən vəkil cinayət icraatına son qoyulması və işin təkrar istintaqa göndərilməsi haqqında vəsatət qaldırıb.

Hakimlər vəsatəti təmin etməyərək, dinləmələri mayın 19-na təyin ediblər.

Abdullayev söz istəyərək bildirib ki, o, istintaq təcridxanasında üç gün döyülüb və ona yemək verilməyib. Lakin hakim onun sözünü kəsərək bu barədə daha əvvəl danışmalı olduğunu bildirib və sözlərini vəkili vasitəsilə çatdırmağı təklif edib.

Mayın 7-də Abdullayev saxlandığı 1saylı Bakı İstintaq Təcridxanasında cəza kamerasına yerləşdirilib. Anası Zülfiyə Abdullayeva bildirib ki, istintaq təridxanasında oğluna əqidəsindən dönməsi üçün təzyiq göstərilir.

E.Abdullayev Azərbaycan Pedaqoji Universitetinin tələbəsidir. Tələbələr arasında hakimiyəti tənqid etdikdən sonra prorektor onu yanına çağırıb və bunun yolverilməz olduğunu bildirib.

2015-ci il yanvarın 8-də imtahan verdikdən sonra E.Abdullayev saxlanılıb və guya üzərindən 3 qr heroin götürülüb.

E.Abdullayevə qarşı 234.4.3-cü maddə (böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Lakin tələbə bildirib ki, narkotik onun üzərinə qəsdən atılıb. O, ittihamları siyasi sifariş hesab edir.

XS
SM
MD
LG