Accessibility links

Məhkəmə AXCP fəalını həbsdə saxlayıb


Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)
Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

AXCP-nin gənc fəalı, narkotik ittihamı ilə həbs olunmuş Elvin Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bakı Apellyasiya Məhkəməsində Abid Abdinbəyovun sədrlik etdiyi hakimlər kollegiyası Elvin Abdullayevin 6 il azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bu barədə azadliq.info saytı məlumat yayıb.

Apellyasiya məhkəməsinin qərarı elan olunmamışdan əvvəl Elvin Abdullayevin vəkili Əli Mehdiyev müdafiə nitqilə çıxış edib. Gənc fəalın günahsız olduğunu və yalnız “facebook”da hökuməti tənqid edən statuslarına görə şərlənərək cəzalandırıldığını deyən müdafiəçi Elvin Abdullayevə bəraət verilməsini istəyib. Əli Mehdiyev bildirib ki, müvəkkilinin narkotikin nə satışı, nə də istifadəsilə heç bir əlaqəsi yoxdur.

Fəalın anası Zülfiyyə Abdullayeva bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: “Əslində, Ali Məhkəmədən də ədalətli qərar gözləmirik, müraciətimiz də sırf formal xarakter daşıyır. Çünki bu cür işlərdə məhkəmələrin müstəqil qərar çıxarmadığını bilirik. Avropa Məhkəməsinə şikayət etmək üçün bütün yerli məhkəmə instansiyalarını keçmək tələb olunur”.

Oğlunun günahsız olduğunu deyən ana həbsxana həyatının Elvini əqidəsindən döndərə bilməyəcəyini də vurğulayıb: “Azərbaycanda məhkəmə sistemi işləmir. İşləsəydi, bu gün bir tələbinin taleyilə bu cür oynamazdılar. Tam bir komediyadır Azərbaycanda məhkəmələr. Harkotik satan adamın üzünə iki-üç nəfər durub deyər ki, “mən bu adamdan almışam”. Bir nəfər də ortaya çıxarmadılar ki, Elvindən narkotik aldığını desin”.

Zülfiyyə Abdullayeva əlavə edib ki, Elvin yaxın vaxtlarda əməliyyat olunacaq: “Cərrah gəlib baxıb, yaxın günlərdə əməliyyat olunması gözlənilir”.

AXCP Gənclər Komitəsinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin ikinci kurs tələbəsi olan Elvin Abdullayev 2015-ci ilin yanvarında həbs olunub. Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik satışı) maddəsilə ittiham olunan gənc fəal iyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Lakin Elvin Abdullayev ittihamı rədd edir və “facebook”da hökuməti tənqid edən statuslarına görə siyasi sifarişlə həbs olunduğunu bildirir.

XS
SM
MD
LG