Accessibility links

Emin Fətullayev: Oğlumun həyatına təhlükə qalmaqdadır


Emin Fətullayev: Oğlumun həyatına təhlükə qalmaqdadır
Emin Fətullayev: Oğlumun həyatına təhlükə qalmaqdadır

Emin Fətullayevin sözlərinə görə, hər dəfə Eynullanın azad edilməsi məsələsi gündəliyə gələndə ona qarşı hansısa bir ittiham irəli sürürlər. Sonuncu dəfə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından öncə narkotik ittihamı irəli sürülüb.

2007-ci ildən həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, Eynullanın valideynləri artıq dördüncü ildir Novruz bayramını tənha qarşılayır. “Eynullanın anası və mən pensiyaçıyıq. Oğlumuzun həbsindən sonra hər ikimiz xəstəliklər tapmışıq. Ailəmizə çox pis təsir edən amillərdən biri də, hər bayramqabağı əfv olacağı xəbəri olur. Hamını əfv edirlər, ancaq Eynullanın adını siyahıda görmürük”.

Emin Fətullayev həbsxanada oğlunun həyatına təhlükə olduğunu bildirib. “Hər dəfə, Eynullanın azad edilməsi məsələsi gündəliyə gələndə, ona qarşı hansısa bir ittiham irəli sürürlər. Sonuncu dəfə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından öncə narkotik ittihamı irəli sürülüb”.

O, hazırda jurnalistin ən ağır cinayətkarların, residivistlərin cəza çəkdiyi həbsxanaya yerləşdirildiyini bildirib. “Eynulla həyatına təhlükəni bilir və bu səbəbdən də karserdə (həbsxanada daxili qaydanı pozan məhbusların cəza kamerası) qalır. Bu kamerada döşəmə betondur, rütubətli və havasızlıqdır. İndi, Eynullanın bədənində yaralar əmələ gəlib, öskürür. Digər tərəfdən də karserdən çıxarsa, həyatına təhlükə var və öyrədilmiş məhbusların fiziki təzyiqinə məruz qala bilər”.

Emin Fətullayev oğlunun ölkə prezidentinə müraciət etdiyini bildirib. “Oğlum prezidentdən ona qarşı ədalətsizliklərə münasibət bildirməsini istəyir. Eynulla Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının yerinə yetirilməməsinə və həbsdən azad edilməsinə yaradılan maneələrə prezidentin müdaxilə etməsinin vacibliyini bildirib”, - deyə o qeyd edib.

Öz növbəsində, Ədliyyə nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin həyatına hər hansı təhlükənin olmadığını bildirib. Penitensiar Xidmət cəzaçəkmə müəssisəsində bütün məhbusların, o cümlədən də Eynulla Fətullayevin təhlükəsizliyinə tam təminat verilib. Eyni zamanda, məhbusların tibbi müayinəsi və müalicəsi üçün hər zaman imkan var.

XS
SM
MD
LG