Accessibility links

Energetika naziri OPEC-in toplantısında iştirak edəcək


Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) monitorinq komitəsinin növbəti toplantısında iştirak edəcək.

Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

OPEC-ə üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin toplantısı sentyabrın 23-də Əlcəzairdə baş tutacaq.

Toplantıda bazarın inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı müzakirə ediləcək.

OPEC və qeyri-OPEC ölkələri nazirləri neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı iyunun 23-də qəbul edilmiş qərara uyğun olaraq, kvotaların müəyyənləşdirilməsi məsələsinə də baxacaqlar.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) monitorinq komitəsi Rusiya, Səudiyyə Ərəbistanı, Küveyt, Venesuela, Əlcəzair və Omanın iştirakı ilə yaradılıb. Komitənin iclası iki aydan bir keçirilir.

2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 80 dollar civarındadır. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.

Hasilatla bağlı sonuncu qərar bu ilin iyulunda verilib. OPEC və qeyri-OPEC ölkələri nazirləri neft hasilatının sutkada 1 milyon barrel artırılmasına qərar veriblər.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.

XS
SM
MD
LG