Accessibility links

Pərviz Şahbazov: Azərbaycan qazı 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ildə İtaliyaya çatdırılacaq [Video]


Pərviz Şahbazov, Maroş Şefkoviç və Syu Saarnio

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib

Fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, habelə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri, həmçinin Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefkoviç iştirak edib.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib
please wait

No media source currently available

0:00 0:02:06 0:00

İclasın yekununda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanıb. Eyni zamanada yekunda “Albgaz” və “SOCAR Balkans”, “Plinacro”, “Albgaz”, “BH Gas” və “Montenegro Bonus” arasında niyyət məktubları imzalanıb.

"Cənub Qaz Dəhlizi" Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsini, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və onun Avropaya qədər uzadılmasını (TAP) nəzərdə tutur. Layihənin nəzərdə tutulan uzunluğu 3500 kilometrdir. Layihənin əsas məqsədi Avropaya qaz nəqlinin təhlükəsizliyini artırmaqdan, qaz tədarükçüsü kimi Rusiyanın payını azaltmaqdan ibarətdir. Layihənin bəyan edilmiş dəyəri 45 milyard dollardır.

Nazirlərin dördüncü iclasının yekununda keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, iclasda Cənub Qaz Dəhlizi layihəsinin 4 komponentinin icra vəziyyəti müzakirə edilib.

"Bu layihənin bütün komponentləri qabaqcadan planlaşdırıldığı kimi uğurla həyata keçirilir. İcra səviyyəsi qaneedici səviyyədədir. Prezident də tövsiyələrini verdi. Bu ilin ortasında ilk Azərbaycan qazının Türkiyəyə çatdırılması nəzərdə tutulur. 2020-ci ilə isə "Şahdəniz" qazı İtaliyanın cənubuna çatdırılacaq", nazir qeyd edib

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç deyib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin hesabına Avropa İttifaqı ölkələri 2020-ci ildən təbii qazla daha etibarlı təmin ediləcək.

"2020-ci ildə Azərbaycandan Avropaya qaz nəql olunması Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu layihə strateji əhəmiyyətə malikdir. Avropada infrastrukturla məşğul olan qurumlar layihəyə dəstəklərini ifadə ediblər”.

Onun sözlərinə görə, Bolqarıstran və Rumıniya da layihəyə qoşulmaq arzusunu bildirib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bildirib ki, layihənin maliyyələşdirilməsi üçün maliyyə strukturları fəal iş aparır.

“Nəticədə ötən ilin oktyabrında Avropa Yenidənqurma və inkişaf Bankı TANAP-a 500 milyon avro həcmində maliyyə ayırıb. Bir neçə gün öncə isə Avropa İnvestisiya Bankı layihəyə 1,5 milyard avro kredit ayırıb. Enerjiyə olan tələbat Avropanın sərhədləri ilə məhdudlaşmır. Digər ərazilər də bura daxildir. Biz yalnız bu halda enerji mənbələrinin diversifikasiyasından danışa bilərik".

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası açılıb
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası açılıb

Maroş Şefçoviç Amerikanın Səsinin Türkmənistanın “Cənub Qaz Dəhlizi” layihəsində iştirakı ilə bağlı danışılar barədə sualının cavabında bildirib ki, Bakıda Türkmənistan təmsilçisi ilə məsələlər müzakirə edilib.

"Mən təsdiqləyə bilərəm ki, Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qururuq və Trans-Xəzər boru kəmərinin inşası ilə bağlı bizə mandat həvalə edilib".

Onun sözlərinə görə, hazırda Türkmənistanın qaz ehtiyatları və Türkmənistanın "Cənub Qaz Dəhlizi"nə qoşulması müzakirə edilir.

“Bu gün türkmən qazının Avropa bazarına çatdırılmasında danışıqların marağını görürük və şadıq ki, Azərbaycan tərəfi bu danışıqların davam etdirilməsinə bizə dəstək olur. Bununla bağlı Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev ilə də bu gün danışıqlar aparılıb və razılığa gəlinib”, o Amerikanın Səsinin sualının cavabında bildirib.

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio isə Amerikanın Səsinin Cənub Qaz Dəhlizinin və Xəzərdə enerji obyektlərinin təhlükəsizliyi ilə bağlı sualının cavabında bildirib ki, layihənin təhlükəsizliyi məsələsi ABŞ administrasiyasının diqqətindədir.

"Son illər ABŞ regiondakı enerji layihələrində birbaşa iştirak etməsə də, daim bu layihələrə dəstək verib".

Onun sözlərinə görə, ölkəsi enerji təchizatı marşrutlarının inkişafında maraqlıdır və bunu dəstəkləyir.

"Avropanı təchizat marşrutlarının şaxələndirilməsi bizim üçün əhəmiyyətlidir. Həmçinin təhlükəsizlik məsələləri də bizim üçün əhəmiyyətlidir. "Cənub Qaz Dəhlizi" ilə bağlı müzakirələrdə məmnuniyyətlə iştirak etdik və düşünürəm ki, burada da təhlükəsizlik yüksək səviyyədə təmin ediləcək", o qeyd edib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç İranın "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmasının mümkünlüyü ilə bağlı sualın cavabında deyib ki, Avropa İttifaqı zəngin təbii sərvətlərə malik ölkələrin "Cənub Qaz Dəhlizi"nə qoşulmasını dəstəkləyir.

“Biz bununla bağlı bütün mümkün variantları nəzərdən keçiririk. Avropa Birliyi Cənubi Qaz Dəhlizinin bütün tərəfdaşları ilə İran qazının layihəyə qoşulması məsələsini müzakirə etməyə hazırdır. Bizim üçün çox mühümdür ki, "Cənub Qaz Dəhlizi" Avropanı qaz resursları ilə zəngin regionlarla birləşdirsin. Biz yeni alıcıları, yeni təchizatçıları cəlb etməkdə maraqlı olacağıq. Bu iclaslar çərçivəsində istər Türkmənistan tərəfi ilə, istərsə də İranın təmsilçiləri ilə danışıqlar aparılıb”.

Avropa Birliyinin nümayəndəsi bildirib ki, İran tərəfi neftinin nəqlində maraqlıdır.

“Bu məqsəd üçün İranın daxilində boru kəmərləri çəkilməlidir və infrastruktur yaradılmalıdır. İran təbii qazının bu boru kəməri ilə daşınması bu ölkənin öz marağındadır. Bunun üçün də İranın lazımi infrastrukturu olmalıdır”, o qeyd edib.

XS
SM
MD
LG