Accessibility links

Trampın yeni kommunikasiya direktoru biznesinin satışına icazəni gözləyir


Entoni Skaramuççi artıq yanvar ayında ABŞ prezidenti Donald Trampın yanında işləyə bilmək üçün özünün investisiya şirkətini satmağına razılıq vermişdi. Lakin o, bundan öncə şirkətin Çin holdinqi HNA-yə satılması üçün hökümətin icazəsini almalıdır.

Tramp administrasiyasının yeni kommunikasiya direktoru Entoni Skaramuççinin SkyBridge Capital LLC şirkətinin satılmasına ABŞ Xarici Sərmayələr Komitəsi icazə verməlidir. Bu komitə yerli biznes qurumlarının xarici şirkətlər tərəfindən alınması zamanı ölkənin milli təhlükəsizlik maraqlarına potensial riskləri qiymətləndirir və bunun əsasında qərarlar qəbul edir.

ABŞ Xarici Sərmayələr Komitəsi də daxil olmaqla hökümət idarələrinin rəhbərlərinin əksəriyyəti siyasi təyinatlardır. Həmin komitənin sədri maliyyə naziri Stiven Mnuçindir.

Skaramuççi may ayında Reuters agentliyinə bildirmişdi ki, SkyBridge şirkətinin satışı üzrə icazəninin iyun ayında veriləcəyi gözlənilir.

Reuters bildirir ki, Xarici Sərmayələr Komitəsi son zamanlar bu cür sövdələşmələrin təsdiqinə çox ehtiyatlı yanaşır. Buna baxmayaraq, prezident komitənin verdiyi tövsiyəni veto etmək hüquna malikdir. Halbuki, bu heç zaman baş verməyib.

XS
SM
MD
LG