Türkiyə prezidentinin rəhbərlik etdiyi böyük bir nümyəndə heyəti sabah rəsmi səfərlə İrana yola düşür. Rəcəb Tayyib Ərdoğanın İran prezidenti Həsən Ruhani və ali ruhani rəhbər Ayətulla Əli Xameneyi ilə görüşü planlaşdırılır.
Səfər Ərdoğanın Yəməndə hutilərə hücum edən Səudiyyə Ərbistanının başçılıq etdiyi koalisyaya dəstək verdiyini bildirməsindən bir neçə həftə sonraya təsadüf edir.
Prezident Ərdoğan Türkiyə-İran Əməkdaşlıq Şurasının ikinci sammitinə qatılmalıdır. Onun 14 milyard dollar təşkil edən qarşılıqlı ticarətin genişləndirilməsini təklif edəcəyi gözlənilir.
İqtisadi inkişafı yavaşlayan Türkiyə iqtisadiyyatı üçün Ankara bazarlarının genişləndirilməsinə səy göstərir.
Ötən cümə günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ankara siyasətini kəskin tənqid edərək, bunun qarşılıqlı əlaqələrə ciddi ziyan vurduğunu bildirmişdi.
Sanksiyaların yüngülləşdirilməsi ilə Türkiyə mənfəət əldə edəcəyini düşünür
Türkiyə-Asiya Strateji Araşdırmalar Mərkəzinin prezidenti Murat Bilhanın dediyinə görə, səfər asan olmayacaq. "İran parlamenti kəskin tənqidlərlə çıxış edib. Düşünmürəm ki, tərəflər yaxın zamanda ortaq məxrəcə gələ biləcək. Onlar biri-birinə rəqibdir və bu rəqabət davam edəcək."
Təhlilçilər deyir ki, iki qonşu arasında düşmənçiliklə əməkdaşlıq arasında balans saxlanılır.
İranın nüvə proqramına dair razılığın şərtlərinə görə sanksiyaların yüngülləşdirilməsi ilə Türkiyə mənfəət əldə edəcəyini düşünür. Bu, Qlobal Tərəfdaşlıq Mənbəyinin siyasi təhlilçisi Atilla Yeşiladanın fikridir.
"Sanksiyalar ləğv edilsə, İran Türkiyədən daha artıq düyü, ət və digər ərzaq malları ala biləcək. Burada başqa imtiyazlar da var. İranın enerji sektorunun inkişafı üçün Türkiyə Tehrana turbinlər və digər ehtiyat hissələri sata bilər. Əgər İran Aralıq dənizi, Avropa İttifaqı bazarlarına çıxmaq istəsə, Türkiyə İran üçün əlverişli bir transit ola bilər."
Ankara indiyədək diplomatiya deyil, ticarətə üstünlük verib. İsrail və Rusiya ilə ticarət artırılıb, lakin diplomatik əlaqələr minimallaşıb.
Türkiyə İran üçün əlverişli bir transit ola bilər
Yeşilada potensial ticarətin bir hissəsi kimi Tehranın qiymətləri qaldıracağını deyir. "Ərdoğan ticari baxımdan çiçəklənən Türkiyə-Rusiya münasibətlərini nümunə gətirəcək. Lakin İranın bunu qəbul edəcəyini düşünmürəm. Tehran Ankaranı İranla ticarət arasında seçim etməyə məcbur edəcək."
Təhlilçilərin fikrincə, Ərdoğanın sünni qruplarına dəstək verməsi ilə Ankaranın İrana tərəfdaş olması olduqca baha başa gələ bilər.