Accessibility links

Ərdoğan Putinlə Soçidə görüşəcək


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüş zamanı gündəmdə Ukrayna taxılının ixracı ilə bağlı yenicə bağlanmış saziş və Rusiyanın Suriyadakı kürd qüvvələrinə qarşı Türkiyənin yeni hücumuna dəstək verməsi məsələləri olacaq.

Prezident Rəcəp Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə cümə günü keçiriləcək görüşü iki liderin son bir ayda ikinci görüşü olacaq.

Görüş Türkiyə və BMT-nin vasitəçiliyi ilə Kyivlə Moskva arasında əldə edilən razılaşma əsasında Ukrayna taxılını daşıyan ilk gəminin Qara dənizi tərk etməsindən dərhal sonra keçirilir.

“Duvar” xəbər portalının analitiki İlhan Üzgelin fikrincə Ərdoğanın BMT vasitəçiliyi və Soçi görüşü Türkiyənin qərbli müttəfiqlərinə Türkiyə liderinin uğuru ilə bağlı güclü mesajdır.

“Bu, onun beynəlxalq və regional miqyasda problem yaradan imicinin yaxşılaşmasına yardım edir. O, hələ də Putinlə sövdələşmələr edə biləcəyini göstərməyə çalışır, ABŞ və Bayden administrasiyasına Putinin onun yaxın müttəfiqi və dostu olduğunu göstərir. O, ayda iki dəfə Putinlə görüşə bilər” - deyə, Üzgel bildirib.

Türkiyə-Rusiya münasibətləri Şimali Afrikadan Yaxın Şərqə, Qafqaza qədər rəqabət və əməkdaşlıq sahəsində iç-içədir. İki ölkənin enerji sahəsində də dərinləşən tərəfdaşlığı var.

Rusiyanın Suriya hava məkanına nəzarət etdiyini nəzərə alsaq, Ankaranın hərbi əməliyyatları üçün Moskvanın əməkdaşlığına ehtiyacı var.

XS
SM
MD
LG