Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan ölkəsinin Suriyada gedən vətəndaş müharibəsindən kənartda qalacağını deyib.
Reyhanlıda 46 adamın ölümülə nəticələnmiş bomba partlayışlarından sonra bu gün İstanbulda danışan cənab Erdoğan deyib ki, Türkiyə, onun sözlərilə, "Suriya bataqlığı"na sürüklənməyə yönəlmiş təhriklər qarşısında müvazinətini saxlayacaq.
Türkiyə hökuməti rəsmilərin şənbə günü Reyhanlıda hücumlarla əlaqədar doqquz nəfərin saxlandığını və onların Suriya təhlükəsizlik qüvvələri ilə əlaqəsi olduğundan şübhələnildiyini bildirib.
Yüksək səviyyəli Türkiyə rəsmilərinin mətbuat konfranslarında verdiyi açıqlamalara əsasən, aralarında hücumu təşkil edib planlaşdırdığı ehtimal edilən saxlanılanlardan bəzisi etiraflar edib.
Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu BMT Təhlükəsizlik Şurasını Suriyada münaqişəyə son qoymaq üçün fəaliyyətə keçməyə çağırıb. Berlinə səfər zamanı açıqlama verən Davutoğlu deyib ki, beynəlxalq ictimaiyyətin hərəkətsizliyi “qığılcımdan alovun” yaranmasına gətirib çıxarıb.