Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO müttəfiqi ABŞ-ı İraqın şimalında qaçırılan 13 türkiyəlinin ölümündən sonra terrorçuları dəstəkləməkdə günahlandırıb.
Ərdoğan ABŞ-ın bu hadisəni pisləməsini “zarafat” adlandırıb.
"Siz [ABŞ] terrorçuları dəstəkləmədiyinizi dediyiniz halda onların tərəfində və arxasındasınız" - deyə, Ərdoğan bazar ertəsi tərəfdarlarına bildirib.
Terrorçular dedikdə o, Türkiyənin cənub-şərqində on illərdir qiyam qaldıran Kürdüstan Fəhlə Partiyasını və ya PKK-nı nəzərdə tutub.
Ərdoğan ABŞ-ın Türkiyə vətəndaşlarının kürd yaraqlıları tərəfindən qətlini qınamasından bir gün sonra danışıb.
"ABŞ İraqın Kürdüstan bölgəsindəki türk vətəndaşlarının ölümündən kədərlənirik. NATO müttəfiqimiz Türkiyənin yanındayıq və qətlə yetirilənlərin ailələrinə başsağlığı veririk" - deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında bildirib.
Türkiyənin müdafiə naziri Hulusi Akarın bazar günü dediyinə görə, qurbanlar Kürdüstan Fəhlə Partiyası (PKK) üzvləri tərəfindən qaçırılaraq öldürülüb.
Akar cəsədlərin Türkiyə-İraq sərhədi yaxınlığındakı Qara bölgəsində, Türkiyə silahlı qüvvələrinin 48 militantın öldürüldüyü PKK-ya qarşı əməliyyatlar zamanı aşkar edildiyini bildirib.
PKK-nın veb səhifəsində açıqlamasında Türkiyə kəşfiyyatı, polis işçiləri və hərbçiləri də daxil olmaqla, əsir saxladıqları şəxslərin döyüşlər zamanı öldürüldüyü deyilib.
Bazar ertəsi günü ABŞ Dövlət katibi Entoni Blinkenin sözçüsü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışdığını bildirib.
Bəyanatda deyilir: “Dövlət katibi İraqda girov götürülən türklərin ölümü ilə əlaqədar başsağlığı verib və buna görə PKK terrorçularının məsuliyyət daşıdığına dair fikrimizi təsdiqləyib.”
Ekspertlər NATO müttəfiqləri arasındakı diplomatik mübahisənin Vaşinqtonun İslam Dövləti qrupu ilə müharibəsində Suriyanın kürd döyüçülərindən ibarət YPG-ni dəstəkləməsi ilə əlaqədar gərginliyi gündəmə gətirdiyini deyir.
Ankara YPG-ni PKK ilə əlaqədə günahlandırır. Vaşinqton isə YPG-nin PKK ilə əlaqəsi olmadığını deyir.
Ankara ABŞ-dan kimin tərəfində olduğuna dair qərar verməsini tələb edir.
İstanbulun Kadir Has Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Serhat Güvenç deyib ki, PKK-ya qarşı mübarizə Türkiyə ordusunun əsas vəzifəsidir.
PKK-nın Türkiyədə azlıq hüquqları uğrunda apardığı mübarizədə təxminən 40 000 həlak olub.
Bəzi müşahidəçilər hesab edir ki, noyabr seçkilərində qalib gəldiyindən bəri Bayden Ərdoğanla hələ danışmayıb. Bu isə ikitərəfli münasibətlərin nə qədər mürəkkəb olduğuna işarədir.
Vaşinqtonda xidmət etmiş sabiq türk diplomatı Aydın Selcen deyib ki, tərəflərin "bu mina sahəsini" necə keçəcəyini ehtimal etmək çətindir.