Accessibility links

Ərəb Liqası dünya ölkələrini Fələstini suveren dövlət kimi tanımağa çağırıb


Ərəb Liqasının bazar günü xarici işlər nazirləri səviyyəsində keçirilən təcili iclasında təşkilata daxil olan ölkələr ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarı tənqid edib. “Bu, Birləşmiş Ştatları işğal xeyrinə qərəzli mövqedə qoyan və beynəlxalq qanun və qətnamələrin pozulması kimi təhlükəli bir inkişafdır”, Ərəb Liqasının bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, Trampın qərarı eyni zamanda Birləşmiş Ştatları Yaxın Şərq sülh prosesində “ sponsor və vasitəçi” rolundan məhrum edir.

Ərəb Liqasının bəyanatında həmçinin Trampın qərarının “sülh gətirilməsi səylərinə mane olduğu, gərginliyin dərinləşməsinə və regionu zorakılıq, qarışıqlıq və qan tökülməsi həddinə çatdırmaq təhlükəsi yaradacaq qəzəbə səbəb olacağı” deyilir.

Ərəb Liqasının baş katibi Əhməd Əbul Geyt
Ərəb Liqasının baş katibi Əhməd Əbul Geyt

Ərəb Liqasının baş katibi Əhməd Əbul Geyt dünya ölkələrini Trampın elanına cavab olaraq, Fələstini paytaxtı Qüds olmaqla suveren dövlət kimi tanımağa çağırıb.

Ərəb ölkələrinin xarici işlər nazirləri həmçinin BMT Təhlükəsizlik Şurasını Trampın qərarını pisləyən qətnamə qəbul etməyə çağırıb.

Bu, Birləşmiş Ştatları işğal xeyrinə qərəzli mövqedə qoyan və beynəlxalq qanun və qətnamələrin pozulması kimi təhlükəli bir inkişafdır.
Ərəb Liqası

Ərəb Liqasının Qahirədə keçirilən iclasından iki gün öncə İordan çayının Qərb sahili və Qəzza zolağında küçə nümayişləri ilə yanaşı, Misir paytaxtındakı Əl-Əzhər məscidində də Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına etiraz nümayişi təşkil olunub.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ərəb dünyası, eləcə də Avropa və digər regionlarda tənqidlərlə qarşılanıb.

Çərşənbə günü çıxışı zamanı Tramp sələfləri ABŞ-ın İsrailə 22 il öncə verdiyi sözü tutmadığına görə, bu qərarını “gecikmiş addım” adlandırıb.

ABŞ Konrqesi 1995-ci ildə Amerikanın səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi haqda qərar qəbul edib, lakin prezidentlər o vaxtdan hər altı aydan bir bunun təxirə salıması haqda sərəncam imzalayır.

XS
SM
MD
LG