Paşinyan elan edib ki, onların 24 apreldə keçiriləcək aksiyaları, Osmanlı İmperiyası dövründə kütləvi qətllərin anım gününə uyğun keçirilməlidir.
“Bizim qələbəmiz, soyqırım qurbanlarının xatirəsinin anılmasının ən yaxşı yoludur. Sabah saat 15:00-da biz burada (Respublika meydanında) toplaşıb, buradan piyada “Sisernakaberd” memorial kompleksinə gedəcəyik. Orada biz soyqırıma məruz qalan əcdadlarımıza “indi siz artıq qalib xalqsınız,” Paşinyan bildirib.
***
Yerevanda izdihamlı mitinq gedir. Natiqlər Sarksiyanın istefasını "demokratiyanın təntənəsi", "xalq qələbəsi" kimi təsvir edir.
***
Nikol Paşinyan gələcək yeni hakimiyyət tərəfindən “qisasın, vendettanın” olacağından narahat olan insanları sakitləşdirib. “Ermənistan tarixinin nifrət səhifəsi artıq bağlandı,” o deyib və hakimiyyətlə əlaqələri olan biznesmenləri sərmayələrini ölkədən çıxarmamağa çağırıb.
O həmçinin deyib ki, Karen Karapetyan ilə etiraz aksiyaları zamanı həbs olunanların “bu gününün, bu mitinqin sonunadək” azadlığa buraxılacağına dair aydın razılıq əldə edib.
O həmçinin “bütün siyasi məhbusların azadlığa buraxılmalı olduğunu” deyib.
Paşinyanın qeyd etdiyi kimi, hazırda Ermənistanda baş verən “məxməri inqilabın” heç bir geosiyasi konteksti yoxdur.
***
Paşinyan Ermənistanda hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı proqramının mərhələlərini təkrar edib. O deyib ki, ilk mərhələ, yəni Serj Sarkisyanın istefası, artıq yerinə yetirilib. İkinci mərhələdə Milli məclis bir həftə ərzində xalqın nümayəndəsini baş nazir kimi seçməlidir ki, bundan sonra müvəqqəti hakimiyyət formalaşsın. Daha sonra isə Paşinyanın dediyinə görə, məqbul müddət ərzində növbədənkənar parlament seçkiləri keçirilməlidir.
Paşinyanın bildiridiyinə görə, o çərşənbə günü saat 11-də “Marriott Armenia” otelində baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan ilə Ermənistanda hakimiyyətin dinc şəkildə ötürülməsi ilə bağlı danışıqlar aparacaq.
“Ümid edirəm ki, Respublikaçılar partiyasının başçıları xalqın “məxməri,” qeyri-zorakı inqilabının qələbəsini birmənalı və şərtsiz şəkildə tanıyacaq. Bu fakt nə qədər tez təsdiq olunsa, Ermənistan və Dağlıq Qarabağ üçün bir o qədər yaxşı olacaq,” Paşinyan bəyan edib.
***
Ermənistan prezidentinin daha öncə yayılmış sərəncamına əsasən, prezident Armen Sarkisyan hökümətin istefasını qəbul edib.
***
Etiraz hərəkatının lideri Nikol Paşinyan mitinqdəki çıxışına bu sözlərlə başlayıb: “Ermənistan xalqının qürurlu vətəndaşları! Siz qalib gəldiniz!”
***
Mitinqdə çıxış edən deputat Ararat Mirzoyan erməni xalqını, silahsız, sülh yolu ilə əldə etdiyi “dünya təcrübəsində misli-görülməmiş qələbə münasibətilə” təbrik edib. O həmçinin hakim partiyanın hələ müqavimət göstərməyə davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və hər kəsi möhkəm olmağa çağırıb.
***
Ermənistanın Respublikaçı partiyasının parlametndəki fraksiyasının başçısı Vaqram Barqdasyan AzadlıqRadiosu-nun Erməni xidmətinə verdiyi müsahibədə deyib ki, baş Nazir vəzifəsini icra edən Karen Karapetyan 25 apreldən etibarən siyasi qüvvələr ilə baş nazir vəzifəsinə namizədlərlə bağlı danışıqlara başlayacaq.
***
Yerevanın Respublika meydanında minlərlə insanın iştirakı ilə müxalif millət vəkili Nikol Paşinyanın başçılıq etdiyi hərəkatın “qələbə mitinqi” başlayıb. Onlar eks-prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə təyin olunmasının əleyhinə çıxırdı.
***
Erməni gənclər son 10 ildə hakimiyyətdə olmuş Serj Sarksiyanın gedişini bayram edirlər.
***
Nikol Paşinyan öz Facebook səhifəsində yazıb: "Sən qalib gəldin, Ermənistan Respublikasının qürurlu vətəndaşı. Heç kəs bu qələbəni sənin əlindən ala bilməz. Təbrik edirəm, qalib xalq!"
***
"Respublika" meydanında toplaşan insanlar qarçısında çıxış edən Nikol Paşinyan deyib ki, “qələbə mitinqi” 18:30-da başlayacaq. O, son 24 saat ərzində tam təcriddə olduğunu və bütün son məlumatlarla tanış olmaq üçün zamana ehtiyacının olduğunu deyib.
***
Ermənistanın baş naziri Serj Sarkisyan gözlənilmədən istefa verdi.
***
Müxalif millət vəkilləri Nikol Paşinyan, Sasun Mikayelan və Ararat Mirzoyan sərbəst buraxılıb. Paşinyan baş nazirin müavini Karen Karapetyan ilə danışıqların nəticələri haqda bu gün keçiriləcək mitinqdə bəhs edəcəyini deyib. Sərbəst buraxılmasının səbəbi ilə bağlı suala o, "hakimiyyət dəyişikliyi baş verdi, hakimiyyət xaqa keçdi," deyə cavab verib.
***
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda baş verən hadisələrin onların daxili məsələsi olduğunu bəyan edib. O, Moskvanın Ermənistandakı hadisələri yaxından izlədiyini qeyd etsə də, deyib ki, Rusiya Federasiyasının müdaxilə ehtimalı haqqında hətta hipotetik arqumentlər belə "tamamilə yersizdir."
***
Müxalifətçi deputat Lena Nazaryan Paşinyanın parlametin spikeri Ara Babloyanla görüşü haqda təfərrüatlı məlumat verib. Onun sözlərinə görə, Ara Babloyan müzakirə aparmaq üçün bir şərt irəli sürüb. Bu da küçələrdə etiraz vasitəsilə təzyiqin olmaması olub. Lakin Paşinyan ona aydın şəkildə bildirib ki, danışıqlar yalnız baş nazir Serj Sarkisyanın istefası şərti altında aparıla bilər və onların hərəkatı adından heç kəs insanları küçələri tərk etməyə çağıra bilməz.
Nazaryan həmçinin Müxalifət liderinin, deputat Nikol Paşinyan və müxalifət hərəkatının digər həbs olunmuş üzvlərinin azadlığa buraxılmasına çağırıb.
Lena Nazaryan həmçinin bildirib ki, Paşinyan Yerevanda həbsxanadadır.
***
Ermənistan Müdafiə Nazirliyinin bəyanatında, etiraza hərbi formada qoşulan gənclərin Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçilərinin olduğu bildirilib. Həmin bəyanatda nazirlik "Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının bir qrup hərbi qulluqçusunun 23 aprel tarixində Yerevanda qanuni prosedurun pozulması üçün nəzərdə tutulan bu nümayişdə iştirakını" qətiyyətlə qınayıb.
***
Ermənistan prezidenti Armen Sarkisyan bəyanatla çıxış edib, vəziyyətlə bağlı narahatlığını ifadə edib. "Prezidentlik səlahiyyətlərimin çərçivəsində mən vəziyyəti düzəldib, həll etmək üçün əlimdən gələni edirəm. Daha öncə də dediyim kimi, bunun həlli sülh yoludur," o deyib.
***
Polis bu gün yaydığı bəyanatda "etirazın normal gedişatını və ona uyğun yol hərəkətinin təşkilini təmin etməyə hazır olduğunu" bəyan edib və "gənclərin onları anlayışla qarşılayıb yolları blok etməyəcəklərini və polis məmurlarının qanuni əmrlərinə açıq bir itaətsizlik etməyəcəklərinə" ümid etdiklərini bildirib.
***
AzadlıqRadiosunun Erməni xidmətinin canlı yayımlanan videosunda hərbi forma geyinmiş bir qrup gəncin də etirazda iştirak etdiyi görülür. Onlar müxbirlərin kim olduqları və haradan gəldiklərinə dair suallarına cavab verməsə də, əsgər olduqlarını təsdiq edib.
***
Ermənistanın üçüncü ən böyük şəhəri Vanadzorda yerli geyim fabrikinin işçiləri tətil edirlər.
***
Tələbələr də Yerevanın mərkəzində yürüşə qoşulub. Ermənistan paytaxtının mərkəzi küçələrində nəqliyyatın hərəkəti iflic olmuş vəziyyətdədir.
***
Yerevanın müxtəlif rayonlarında yüzlərlə vətəndaş bazar ertəsi yenidən küçələrə axışıb. Onlar Nikol Paşinyanın dinc sivil itaətsizlik kampaniyası çərçivəsində yolları bloklayıb və ictimai nəqliyyat hərəkətinin qarşısını alıb.