Accessibility links

Paşinyanın namizədliyi rəsmən irəli sürülüb


Ermənistanda günlərdir davam edən etirazlara rəhbərlik edən parlamentin deputatı Nikol Paşinyanın baş nazir postuna rəsmən namizədliyi irəli sürülüb. Bu haqda Paşinyanın rəhbəri olduğu Yelk fraksiyası qərar qəbul edib.

Yelk fraksiyası ilə yanaşı, Ermənistan parlamentində Tsarukyan və Daşnaksütun fraksiyaları da onun namizədliyi üzrə çərşənbə axşamı gününə təyin olunmuş səsvermə zamanı Nikol Paşinyana dəstək vermək qərarı verib. Onun namizədliyinin dəstəklənməsi qərarı Paşinyanın bu fraksiyalarla görüşü zamanı əldə edilib.

Üç müxalif fraksiyanın razılığı etirazların liderini 47 səslə təmin edir, lakin baş nazir postuna seçilmək üçün onun parlamentdə 53 səs alması lazımdır.

Mən hələlik baş nazir vəzifəsinə namizədəm. Amma mənim ilk addımım qanuni, düzgün və ədalətli seçkilərin keçirilməsi üçün qarantiyaların təmin edilməsi olacaq.
Nikol Paşinyan

Paşinyan hakim Respublikaçı partiya ilə də bazar ertəsi görüş keçirməyi planlaşdırıb. Partiyanın lideri Serj Sarkisyan keçən həftə baş nazir postundan istefa verib. Hakim partiyanın parlamentdə 58 deputatı var.

Nikol Paşinyan Yerevanda tərəfdarları qarşısında çıxış edir, 26 aprel, 2018.
Nikol Paşinyan Yerevanda tərəfdarları qarşısında çıxış edir, 26 aprel, 2018.

Nikol Paşinyan aprelin 30-da jurnalistlərlə söhbəti zamanı bildirib ki, onun əsas məqsədi Ermənistan parlamentində növbədənkənar seçkilərin keçirilməsindən ibarətdir. “Mən hələlik baş nazir vəzifəsinə namizədəm. Amma mənim ilk addımım qanuni, düzgün və ədalətli seçkilərin keçirilməsi üçün qarantiyaların təmin edilməsi olacaq”, o bildirib.

Müxalifətçi tərəfdarlarını mayın 1-də Yerevnın Respublika meydanına çıxmağa çağırıb. Bu vaxt parlamentdə baş nazirin namizədliyi ilə bağlı səsvermə keçiriləcək.

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı iki həftə bundan əvvəl etirazlar başlayıb. Etirazlar Sarkisyanın istefa verməsi ilə nəticələnib. Ölkəni 10 il müddətində idarə edən Sarkisyan vəziyyətin qiymətləndirilməsində “haqlı olmadığını” bildirib.

ABŞ və Avropa İttifaqı Ermənistan rəhbərliyini vətəndaşların dinc etiraz etmək hüququna hörmət etməyə, etirazçıları isə təmkinə və vətəndaş sülhünün saxlanmasına çağırıb.

XS
SM
MD
LG