Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov Amerikanın Səsinə müsahibəsində ərzaq təhlükəsizliyi və ərzaq qiymətlərindən danışıb.
Amerikanın Səsi: Azərbaycan hazırda özünün ərzaq təhlükəsizliyini nə qədər təmin edə bilir?
Bizim ərzaq buğdasına olan tələbatımız il ərzində 1 milyon 600 min tondur. Buna baxmayaraq, Azərbaycanda buğda istehsalı 1 milyon 800 min ton göstərilsə də, ölkəyə hər il 1 milyon 600 min ton buğda idxal olunur. Məsələn, keçən il 1 milyon 599 min ton buğda idxal olunub.
Vahid Məhərrəmov: Azərbaycanın özünün ərzaq təhlükəsizliyini təmin etməsi üçün bir sıra mal qrupları var ki, o mal qrupları üzrə demək olar ki, beynəlxalq normaya uyğun mal-məhsul istehsal etməlidir. Əgər istehsal edə bilmirsə, bir hissəsini idxal etməlidir. Bu gün Azərbaycanın bəzi məhsulları ilə bağlı deyim, - istehsal səviyyəsi necədir, idxal necədir və özünü təminat necədir? Ərzaq təminatında əsasən o nəzərdə tutulur ki, fiziki çəkidə Azərbaycan və yaxud da digər ölkələr özünün o mallara olan tələbatını beynəlxalq normalara uyğun ödəməlidir. Məsələn, bizim ərzaq buğdasına olan tələbatımız il ərzində 1 milyon 600 min tondur. Buna baxmayaraq, Azərbaycanda buğda istehsalı 1 milyon 800 min ton göstərilsə də, ölkəyə hər il 1 milyon 600 min ton buğda idxal olunur. Məsələn, keçən il 1 milyon 599 min ton buğda idxal olunub. Bu da o deməkdir ki, Azərbaycan özünün ərzaq buğdasına olan təminatını tamamilə idxalın hesabına ödəyir. Digər tərəfdən, ət, süd və digər əsas ərzaq mallarına olan tələbatımızı hansı səviyyədə ödəyə bilirik? Adam başına ət norması 84 kiloqramdır. Təəssüflər olsun ki, Azərbaycanda il ərzində 300 min ton təmiz ət istehsal olunur. Bu da adam başına 30-31 kiloqram ət istehsalı deməkdir. Adam başına 3 kiloqrama yaxın da ət idxal olunur. Bu o deməkdir ki, Azərbaycan daxili istehsal hesabına özünün ətə olan tələbatının 38 faizini ödəyir, 3-4 faiz də idxal edir. İl ərzində adambaşına süd təminatı 360 litrdir. Əlbəttə, burada söhbət hər adamın gündə bir litr süd istehlak etməsindən getmir. Burada pendir, kərə yağı və digər süd məmulatları nəzərə alınır. Azərbaycan 1 milyon 900 min ton süd istehsal edir. Bu da təxminən adambaşına təminatın 55-60 faizidir. Təxminən 700 min ton da süd və süd məhsulları idxal olunur. Əlbəttə, bu bizim ümumi istehlakdan demək olar ki, 1 milyon ton azdır. Yəni, biz özümüzün südə olan təminatımızı həm daxili istehsal hesabına, həm də idxal hesabına ödəyə bilmirik. Digər mal-məhsullar üzrə, - yumurta ilə bağlı təxminən adam başına təminatı 55 faiz ödəyirik, adambaşına il ərzində 280 ədəd yumurta normadır. Biz bunun təxminən yarısını, 180 ədədini ödəyə bilirik. Bu da ondan xəbər verir ki, Azərbaycan yumurtaya olan tələbatını da ödəyə bilmir. Təəssüflər olsun ki, ölkədə çay istehsalı imkanı və bu sahədə təcrübə olduğu halda, çayı da xaricdən idxal edirik. Belə bir mənzərə yaranır ki, Azərbaycan özünün ərzaq mallarına olan tələbatını tam ödəyə bilmir. Bəzi mallar üzrə tam idxaldan asılıdır, bəzi mallar üzrə 50 faiz, bəzi mal-məhsullar üzrə isə 60-65 faiz idxaldan asılıdır. Mənzərə belədir.
Amerikanın Səsi: Qarşıdan yay mövsümü gəlməsinə baxmayraq, müşahidələr göstərir ki, bazarlarda ərzaq və meyvə-tərəvəz məhsullarının qiymətləri enmir. Buna səbəb nədir?
Ötən il ölkəyə 317 min ton meyvə-tərəvəz idxal olunub. Belə hal heç vaxt olmamışdı. Hətta, 20 il bundan qabaq bu göstərici 50 min ton idi. Görün, nə qədər artıb.
Vahid Məhərrəmov: Bu, o deməkdir ki, biz əhalinin tələbatı qədər mal-məhsul ietehsal edə bilmirik. Baxmayaraq ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb, ancaq hələ də ölkənin bəzi mallarla, məhsullarla təminatı demək olar ki, idxaldan asılıdır. Baxın, keçən ilin statistikasını nümunə gətirim, ötən il ölkəyə 317 min ton meyvə-tərəvəz idxal olunub. Belə hal heç vaxt olmamışdı. Hətta, 20 il bundan qabaq bu göstərici 50 min ton idi. Görün, nə qədər artıb. Yəni, bu da ondan xəbər verir ki, təəssüflər olsun ki, Azərbaycanda əhalinin tələbatı qədər mal-məhsul istehsal olunmadığı halda bazarda defisit yaranır. Defisit yarandığı üçün bundan işbazlar sui-istifadə edir. Qiyməti artırmağa çalışırlar. Bu gün bazarda bu müşahidə olunur. Onu da deyim ki, indi bizim apardığımız müşahidələr onu göstərir ki, bu il meyvə-tərəvəz istehsalında çox ciddi azalmalar var. Uzun müddətdir ki, bu istiqamətdə əsaslı işlər görülmədiyi üçün gilas istehsalında, ərik istehsalında azlıq müşahidə olunur. Bu da onunla bağlıdır ki, vaxtı-vaxtında bu bitkilərlə bağlı aqrotexniki qaydalara uyğun olaraq xəstəliklər və zərərvericilərə qarşı profilaktik tədbirlər aparılmalı idi. Bu həyata keçirilmədi, vaxtında budama aparılmadı, ağacların formalaşması həyata keçirilmədi. Ona görə də biz daxili istehsal hesabına çox az şəkildə meyvə-tərəvəz istehsal edə bilirik.
Amerikanın Səsi: İdxalda və bazarlarda monopoliya qalır?
Əgər, topdansatış bazarları bir neçə olarsa, burada rəqabət mühiti olar, burada artıq qiyməti diqtə etmək mümkün olmaz.
Vahid Məhərrəmov: Monopoliya məsələsi bir qaranlıq məsələdir. Ona aydınlıq gətirmək çətindir. Bu gün faktiki olaraq bazarlarda belə bir vəziyyət yaranıb, bir topdansatış mərkəzi mövcuddur və pərakəndə satışla məşğul olan satıcılar, kənd təsərrüfatı məhsullarını, o cümlədən meyvə-tərəvəzi əsasən həmin topdansatış mərkəzindən əldə edirlər. Bu topdansatış mərkəzi yeganə olduğu üçün vəziyyətdən öz xeyrinə istifadə edir. Yəni qiyməti, onlar müəyyən edir. Əgər, topdansatış bazarları bir neçə olarsa, burada rəqabət mühiti olar, burada artıq qiyməti diqtə etmək mümkün olmaz. Bu istiqamətdə problem olduğu üçün bazara da ciddi təsiri var.
Amerikanın Səsi: Azərbaycan hökuməti neçə illərdir subsidiyalar da daxil olmaqla, kənd təsərrüfatının inkişafı ilə bağlı çoxsaylı qərarlar qəbul edir, vəsaitlər ayırır? Bunların müqabilində kənd təsərrüfatında hansı inkişaflar qeydə alınıb?
Ümumiyyətlə regionların inkişafına 50,7 milyard manat vəsait ayrılıb. Baxın, bu qədər vəsaitin müqabilində bu gün ortalıqda nə var? Demək olar ki, son on ildə bizim bir sıra mallar-məhsullar üzrə idxalımız artıb.
Vahid Məhərrəmov: Bu sahəyə maliyyə resursunun ayrılması heç də əsas faktor deyil. Baxmayaraq ki, son on ildə iddia edirlər ki, ümumiyyətlə regionların inkişafına 50,7 milyard manat vəsait ayrılıb. Baxın, bu qədər vəsaitin müqabilində bu gün ortalıqda nə var? Demək olar ki, son on ildə bizim bir sıra mallar-məhsullar üzrə idxalımız artıb. İstehsalda elə də artım yoxdur, baxmayaraq ki, bunlar rəqəmlərdə artım göstərirlər. Ancaq bazarlarda bunu müşahidə edə bilmirik. Yəni, bu gün kənd təsərrüfatı məhsullarının qiymətinin yüksək olması da ondan xəbər verir ki, daxili istehsal azalıb. Bu sahə ilə əsaslı məşğul ola bilmirlər. Bu sahədə elm geridə qalır, təhsil geridə qalır, peşə təhsili demək olar ki, uzun müddətdir sıradan çıxarılıb. Fermerlərin maarifləndirilməsi, onların bilik-bacarıqlarının artırılması istiqamətində hansısa addım atılmır. Baxmayaraq ki, maliyyə resursu ayrılır, bu maliyyə resursunun da bir hissəsi, demək olar ki, əsas hissəsi iri məmurlar tərəfindən mənimsənilir. Bu haqda dövlət başçısı özü də etiraf etmişdi ki, ayrılan subsidiyalar yerlərdə fermerlərə deyil, məmurların cibinə axır. Bu da ondan xəbər verir ki, ayrılan vəsait səmərə verməyib, məhsuldarlığa hər hansı formada təsir etməyib.