Accessibility links

Əsəd Həmada Ramazan namazı mərasiminə qatılıb


Suriya prezideti Bəşar Əl-Əsəd bazar günü müqəddəs Ramazan ayının bitməsi münasibətilə Həma şəhərində məsciddə namaz mərasiminə qatılıb. Əsədin Həmaya gəlişi onun Suriya ərazisində daha arxayın şəkildə uzaq yerlərə səfər edə bilməsinin göstəricisi kimi qiymətləndirilir.

Dövlət televiziyasında nümayiş etdirilən video görüntülərdə Əsədin Həmadakı məsciddə ətrafında din xadimləri və dindarlarla bərabər imamın arxasında oturduğu yerdə dua etdiyi göstərilib.

Dövlətə məxsus SANA xəbər agentliyinin verdiyi məlumata əsasən, möizəçi deyib ki, Əsədin Ramazan bayramı münasibətilə şəhərə gəlişi qələbənin və təhlükəsizliyin ölkəyə qayıtmasının “bir addımlıqda” olduğunun göstəricisidir.

"Ağ dəbilqəlilər" kimi tanınan Suriya Mülki Müdafiə Qrupunun bu fotosunda xilasetmə işçilərinin Dəraa şəhərində məktəbin yerləşdiyi binaya hava hücumundan sonra uşaqları xilas etdiyi göstərilir.
"Ağ dəbilqəlilər" kimi tanınan Suriya Mülki Müdafiə Qrupunun bu fotosunda xilasetmə işçilərinin Dəraa şəhərində məktəbin yerləşdiyi binaya hava hücumundan sonra uşaqları xilas etdiyi göstərilir.

Əsəd müharibənin başlamasından sonra Dəməşqdən 185 kilometrlik məsafədə yerləşən Həmaya əvvəlcədən elan edilmiş səfər etməyib. Keçən il o, Ramazan ayının bitməsi münasibətilə İd Əl-Fitr dua namazını Dəməşqin 40 kilometrliyindəki Homs şəhərində etmişdi.

Rusiyanın 2015-ci ildə Dəməşqə kömək məqsədilə hərbi təyyarələri və əsgərlərini Suriyaya göndərməsi və İranın dəstəklədiyi şiə militantların üsyançılara qarşı mübarizədə qələbəsindən sonra vətəndaş müharibəsinin gedişində Əsədin xeyrinə dönüş yaranıb.

2011-ci ildə vətəndaş müharibəsinin başlamasından sonra yüz minlərlə insan öldürülüb, milyonlarla insan qaçqın və məcburi köçkün olub. Milyonlarla insanın öz yerlərindən didərgin düşməsi regionda qaçqın böhranının yaranmasına gətirib çıxarıb.

Lakin müharibənin sona çatması hələ uzun vaxt apara bilər. Üsyançılar Həma yaxınlığındakı İdlib vilayəti də daxil olmaqla, ölkənin bir neçə yerində ərazilərə nəzarət edir.

Suriya ordusu keçən ilin dekabr ayında üsyançıları Hələb yaxınlığındakı ən böyük istinadgahlarından çıxarmağa nail olub və bir neçə mühüm anklavı təslim etməyə məcbur edib.

XS
SM
MD
LG