Accessibility links

Hərbi qulluqçu həlak olub


İyulun 29-dan 30-na keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq, Tovuz rayonunun Qaralar kəndlərini Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Müdafiə nazirliyinin iyulun 30-da yaydığı məlumatda belə deyilir.

Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəydiyi bildirilir.

Məlumatda bildirilir ki, bu zaman hərbi qulluqçu Hüseyn Əkbərli həlak olub.

“Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”, – deyə məlumatda qeyd edilir.

Qarşı tərəf isə bu barədə rəsmi açıqlama hələlik verməyib.

Müdafiə nazirliyinin iyulun 30-u səhər saatlarında yaydığı birinci məlumatda isə sutka ərzində ümumilikdə Azərbaycan mövqelərinin 140 dəfə atəşə tutulduğu bildirilirdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər Ermənistan Ordusunun nəzarətinə keçib.

BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəynatlar verib. Amma, hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.

2015-ci il aprelin 2-5-də cəbhədə hərbi əməliyyatlar bərpa edilib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin ABŞ-ın təşəbbüsü ilə Vyanada və Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda görüşlər keçirməsinə baxmayaraq münaqişənin həlli istiqamətində addım atılmayıb. Son dövrlər dəfələrlə cəbhə xəttində gərginliklər yaşanıb, tərəflər itkilər verib.

XS
SM
MD
LG