Accessibility links

ABŞ-ın yeni müdafiə naziri Əfqanıstana gözlənilmədən səfər edib


ABŞ-ın yeni Müdafiə naziri Eşton Karter Birləşmiş Ştatların Talibana qarşı hərbi əməliyyatlarda iştirak etmək missiyasını başa vurub hazırda ölkənin hərbi qüvvələrinə təlim keçən Amerika əsgərlərinin çıxarılması prosesinin dayandırılması da daxil Əfqanıstanda əks-terror missiyasının detallarını nəzərdən keçirdiyini deyib. Pentaqon rəhbəri kimi xaricə ilk səfərini edən Eşton Karter gözlənilmədən Əfqanıstana gəlib.

Amerika müdafiə naziri Birləşmiş Ştatların Əfqanıstanda əks-terror sahəsində başlıca cəhətləri təhlil etdiyini bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı gələn ay Əfqanıstan prezidenti Əşrəf Qaninin Vaşinqtona səfəri zamanı müzakirələr aparılacaq.

Eşton Karter Kabildə mətbuat konfransında ABŞ-ın Əfqanıstanda missiyasının uzun müddətli uğurunu qiymətləndirmək üçün ölkəyə səfər etdiyini deyib. Onun bildirdiyinə görə, ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların hərbi qüvvələrinin Əfqanıstanda mövcudluğu ilə bağlı müdafiə nazirinin qiymət verməsini istəyib. Eşton Karter bildirib ki, prezident Obama lazım olsa, əsgərlərin ölkədən çıxarılması prosesinin dayandırıla biləcəyini istisna etmir.

Eşton Karter Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşdə Amerika hərbi qüvvələrin sayının azaldılması, eləcə də Əfqanıstan təhlükəsizlik qüvvələrinin Talibana qarşı mübarizə səylərini müzakirə edib. Prezident Əşrəf Qani müxbirlərə deyib ki, Talibanla sülhün əldə edilməsi perspektivlərinin indi 30 illə müqayisədə daha yaxşı olduğunu deyib, lakin detallara varmayıb.

ABŞ-ın müdafiə nazirinin Əfqanıstanda Amerika əsgərləri ilə görüşü planlaşdırılıb.

Hazırda ABŞ-ın Əfqanıstanda 10 minə yaxın əsgəri qüvvəsi var.

XS
SM
MD
LG