Accessibility links

Külək estakadanı dənizə uçurub,10 nəfər itkin düşüb,1 nəfərin cəsədi tapılıb [Yenilənib]


Hazırda xilasetmə işləri aparılır

"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir.

Bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. Axtarışlar davam etdirilir.

Onun sözlərinə görə hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir.

“Əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb. Lakin küləyin sürəti saniyədə 41 metr olub", deyə o bildirib.

Onun sözlərinə görə, estakada 1978-ci ildə istismara verilib.

"Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir bu ilin avqust ayında aparılıb".

****

Dövlət başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.

Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Bunun nəticəsində ilkin məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 10 nəfər işçisi itkin düşüb. Vəziyyət barədə məlumat dərhal Azərbaycan Prezidentinə məruzə edilib. Dövlət başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib.

Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin helikopter və gəmiləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri itkin düşmüş neftçilərin axtarışı ilə bağlı operativ xilasetmə işlərini həyata keçirirlər. Bu saata kimi 1 nəfərin cəsədi tapılıb.

İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir. Vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir.

***

"Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində “Azneft” İB-nin N. Nərimanov adına Neft-QazÇıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb".

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat verilib.

Məlumatda bildirilir ki, SOCAR və FHN ilə əlaqə saxlanılaraq, hadisə yerinə tələb olunan gəmilər mobilizasiya olunub.

Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin “Lənkəran”, “Vadim Seyidov” “Gültəkin Əsgərova”, “Aura”, “Qaradağ-8”, “Qaradağ-4”, “Ramiz Hacıyev”, “Avior”, AXDG-yə məxsus FHN tərəfindən idarə olunan olan “Vixr-5” və “Vixr-8” gəmiləri dərhal hadisə yerinə səfərbər edilib.

Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının “Xudafərin”, AXDG-BUE Caspian Alyansının “Caspian Pride” və “Caspian Provider” gəmiləri də cəlb olunub.

Hadisə ilə əlaqədar “AXDG” QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir.

Ağır havaşəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını çətinləşdirib.

SOCAR “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat yayıb.

SOCAR-ın məlumatına görə, dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub.

Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılib.

Xatırladaq ki, son iki ildə Xəzər dənizində 40-dək neftçi həlak olub.

Ekspertlər nefçilərin həlak olmasının səbəbi kimi dənizdəki çoxsaylı estakadaların istifadə müddətinin bitməsini, köhnə olmasını və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsini göstərir.

XS
SM
MD
LG