Accessibility links

Eta qasırğasının dağıdıcı təsiri davam etməkdədir


Eta qasırğasının Mərkəzi Amerika ölkələrinə dağıdıcı təsiri davam etməkdədir. Nikaraqua və Honduras sahilləri artıq qasırğanın təsirinə məruz qalıb.

ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Eta saatda 140 kilometr sürətlə Nikaraquanın şimal-şərq bölgəsinə doğru istiqamət alıb.

Sinoptiklər Mərkəzi Amerikanın bəzi bölgələrində tufan, dağıdıcı küləklər və daşqınlar barədə xəbərdarlıq yayıb.

Eta qasırğaası noyabrın 3-də Nikaraquanın sahil Puerto Kabezas şəhərini saatda 225 kilometr sürətlə vurub.

Dağıdıcı təsirinə görə 5 kateqoriya üzrə şkalada Eta 4-cü kateqoriyada yer alıb.

Qasırğa azı 3 nəfərin ölümünə səbəb olub. Hondurasda 12 yaşlı qız evlərinin torpaq sürüşməsi nəticəsində dağılması ilə həyatını itirib.

Nikaraquada torpaq sürüşməsi nəticəsində 2 mədən işçisi palçıq altında qalaraq dünyasını dəyişib.

Sinoptiklər qasırğanın sahil boyunca su səviyyəsini dörd metrdən altı metrə qədər yüksəldəcəyi, Mərkəzi Amerikada yağışların 25 ilə 51 santimetr arasında və təcrid olunmuş bölgələrdə yağmur səviyyəsinin 63 santimetrdən çox olacağını pröqnozlaşdırıb. Yüksək ərazilərdə güclü daşqınlar və torpaq sürüşmələri gözlənilir.

Qasırğanın yaxın günlərdə sürətinin azalacağı bildirilir. Sinoptiklər Etanın həftə sonu Meksika körfəzi üzərində yenidən güclənmə potensialını izləyirlər.

Qasırğa Mərkəzi qasırğanın istiqamətinə dair qeyri-müəyyənlik olduğunu qeyd etsə də, onun şimaldakı bölgələr üçün daha təhlükəli ola biləcəyini bildirib.

2020 Atlantik qasırğa mövsümünün 28-ci qasırğası olan Eta Şimali Atlantik Okeanı hövzəsində indiyə qədər qasırğa mövsümünün rekordunu sındırıb.

2005-ci ildə 28-ci qasırğa dekabrın sonuna doğru qeydə alınmışdı. Bu il bu sayda qasırğa 2 ay əvvəl meydana gəlib.

Bundan əvvəl küləyin sürəti saatda 175 km olan Zeta Luiziana ştatının Nyu Orleans şəhərinə demək olar ki, birbaşa zərbə vurub. Eyni zamanda Zetanın təsirini şərqdə, Corciya ştatının Atlanta şəhərində də hiss etmək olub.

Qasırğanın azı 6 nəfərin ölümünə səbəb olduğu bildirilib. Associated Press Alabama və Corciya ştatlarında ağacların evlərin üzərinə düşməsi nəticəsində dörd nəfərin öldüyünü bildirib.

Corciya ştatının Qvinnet mahalının yanğınsöndürmə idarəsinin işçilərinin verdiyi məlumata görə, ölən iki nəfər ağacın evlərinin üzərinə düşən zaman yataqlarında olub.

Luiziana, Alabama və Mississippi qubernatorları yardım səylərini sürətləndirmək üçün ştatlarında fövqəladə vəziyyət elan edib.

2020-ci ildə Luiziana iki qasırğa və iki tropik fırtına ilə qarşılaşıb.

Zeta bu il Atlantik qasırğa mövsümünün 27-ci, gücünə görə isə 11-ci qasırğa olub.

XS
SM
MD
LG