Müsavat Avropa Koordinasiya Mərkəzi Turan Agentliyinin direktoru Mehman Əliyevin həbsinə etiraz olaraq yaxın günlərdə Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlər keçirəcək. Bu barədə Amerikanın Səsinə Müsavat AKM-in rəhbəri, “Mehman Əliyevə azadlıq!” Komitəsinin üzvü İlham Həsən bildirib.
Onun sözlərinə görə, ilk mitinq sentyabrın 9-da Nürnberq şəhərində olacaq.
“Növbəti mitinqlər Avropa Surasının və Avropa Parlamentinin önündə olacaq. Mitinqlərlə yanaşı, parlamentarilər ilə görüşlər də planlaşdırırıq”, o qeyd edib.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Ona qarşı Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentində Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma), 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev istintaq orqanının təqdimatı əsasında Mehman Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.