Accessibility links

Azərbaycan Rusiyaya etiraz notası təqdim edib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Notada Rusiya Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən çağırışı ilə bağlı qəti etiraz bildirilir

Sentyabrın 18-də Azərbaycan Rusiyaya etiraz notası təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

Görüşdə Nazir müavini Xələf Xələfov Rusiya səfirinə sentyabrın 14-də Moskva şəhər meriyasının icazəsi və “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.

Həmçinin nazir müavini Xələf Xələfov sözügedən məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur. Nazir müavini Xələf Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın Hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirir.
XS
SM
MD
LG