Accessibility links

Aİ ölkələri müharibədən sonra Ukraynanın bərpası üçün həmrəylik fondu yaradacaq


Aİ ölkələrinin liderləri müharibədən sonra Ukraynanın bərpası üçün həmrəylik fondu yaradacaqlar. Bu barədə Aİ sammitinin yekunları üzrə dərc olunmuş sənəddə deyilir.

“Avropa İttifaqı Ukrayna hökumətinin təcili ehtiyaclarını ödəmək və Rusiyanın hücumu başa çatdıqdan sonra demokratik Ukraynanı bərpa etmək üçün ona dəstək verməyə sadiqdir. Bu məqsədlə Avropa Şurası Ukrayna ilə həmrəylik üçün etimad fondu yaratmağa razıdır və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir, həmçinin təcili hazırlıqlara çağırır” – deyə, Avropa liderlərinin bəyanatında deyilir.

Onların fikrincə, Avropa İttifaqı Ukraynaya siyasi, maliyyə, maddi və humanitar dəstəyi davam etdirəcək. Aİ liderləri deyirlər ki, Avropa İttifaqı artıq Rusiya və Belarusa “böyük təsir göstərən” bir neçə sanksiya paketi təqdim edib və yeni məhdudiyyətlər tətbiq etməyə və artıq mövcud olan sanksiyalar rejimindən yan keçməyin qarşısının alınmasını təmin etməyə hazırdır.

Bir gün əvvəl G-7 liderləri Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı bəyanat yayaraq, “Rusiya enerjisindən asılılığı azaltmağa” çağırıblar.

Bəyanatda həmçinin bildirilir ki, Böyük Yeddilər (G7) ölkələri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır və məhdudiyyətlərdən yan keçmək cəhdlərinə, o cümlədən “Rusiya Mərkəzi Bankının qızılla əməliyyatlarına” cavab tədbirləri koordinasiya etməyə hazırdır. Bəyanatda vurğulanır ki, G7 ölkələrinin liderləri zəruri hallarda əlavə sanksiyalar tətbiq etməyə hazırdır.

XS
SM
MD
LG