Accessibility links

Avropa İttifaqı və Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə edib


Cənub Qaz Dəhlizi

Avropa İttifaqı və Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə razılıq əldə edib.

Bu gün keçirilən birgə mətbuat konfransında Avropa İttifaqı Azərbaycandan daha çox qaz alacağı arzusunu bildirib, Azərbaycan isə bu həcmləri verəcəyini qeyd edib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yanvarın 4-də Bakıda keçirilən səkkizinci iclasından sonra Azərbaycan energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatında deyilir ki, Azərbaycan və Avropa İttifaqı strateji enerji tərəfdaşıdır.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 2022-ci il fevralın 4-də Bakı şəhərində baş tutan səkkizinci iclasında uzunmüddətli enerji təhlükəsizliyi, təchizatın təhlükəsizliyi və yaşıl enerjiyə keçidlə bağlı ümumi hədəflər əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqlənib.”

Ministerial meeting within the Southern Gas Corridor Consultative Council
Ministerial meeting within the Southern Gas Corridor Consultative Council

Sənəddə deyilir ki, tərəflər Cənub Qaz Dəhlizinin tammiqyaslı ilk istismar ilinin uğurlu nəticəsini, həmçinin onun Azərbaycandan Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı rəqabətliliyi və sərfəli enerji təchizatının təmin edilməsinə töhfəsini yüksək qiymətləndirir.

“Altı ölkəni əhatə edən bu ötürmə sistemi enerji təchizatı və mənbələrin şaxələndirilməsinə, o cümlədən bundan əvvəl təbii qaza çıxışı olmayan regionlara töhfə verir, həmin regionlarda kömürün istismardan çıxarılması prosesini sürətləndirir.”

Bəyanatda həmçinin qeyd edilir ki, Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarlarından biri kimi strateji rol oynamaq, eləcə də Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını həyata keçirmək səylərini davam etdirir.

Tərəflər son dövrlərdə qaz qiymətlərinin qlobal səviyyədə artmasının təchizatın şaxələndirilməsinin zəruriliyini bir daha vurğulayıb.

“Biz Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan dövlətləri istiqamətində genişləndirilməsi imkanlarının öyrənilməsində bütün maraqlı tərəflərin səylərini yüksək qiymətləndiririk. Növbəti addım olaraq Cənub Qaz Dəhlizinin gələcəkdə genişləndirilməsi imkanlarının reallaşdırılması zamanı yarana biləcək bütün kommersiya, ekoloji, texniki, normativ və iqlimlə bağlı məsələləri qiymətləndirmək vacibdir.

Cənub Qaz Dəhlizi layihəsinin səhmdarları bir sıra iqlim və dayanıqlı inkişaf təşəbbüslərinə, o cümlədən “Metan Rəhbər Prinsipləri” təşəbbüsünə imza atıblar. Cənub Qaz Dəhlizinin sonrakı istismarı tədricən müvafiq normativ çərçivələrə uyğun olaraq tərəflərin və sənayenin dayanıqlı inkişaf sahəsindəki ən yaxşı təcrübələrinin tətbiqinə əsaslanacaq,” sənəddə qeyd edilir.

Ministerial meeting within the Southern Gas Corridor Consultative Council
Ministerial meeting within the Southern Gas Corridor Consultative Council

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, fevralın 4-də keçirilən toplantıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak edib.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB, Romgaz, SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə təsisatlarından Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların nümayəndələrinin tədbirə qatılıb. Məşvərət Şurasının Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti və “Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin nümayəndələri də toplantıya qatılıb.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.

Builki toplantı Avropada qaz böhranı zamanına təsadüf edir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell bildirib ki, Rusiya Avropaya qaz tədarükünü dayandırarsa Avropa İttifaqı ölkələri Azərbaycanla qaz tədarükü barədə danışıqlar aparacaq.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, 2021-ci ildə ümumilikdə Avropada 552 milyard kubmetr qaz istehlak edilib.

“2021-ci ildə Azərbaycan Avropa bazarında 8 milyard 150 milyon kubmetr qaz satıb. Azərbaycan bu il öz həcmlərini 10 milyard kubmetrədək artıracaq. Bu nisbətə görə ayırd etmək olar ki, nə qədər Azərbaycan qazı Avropanın ümumi istehlakındadır. Ancaq Rusiya ümumilikdə Avropada təqribən 175-180 milyard kubmetr qaz satır,” o qeyd edib.

Ekspert hesab edir ki, Transxəzər Qaz Kəmərinin qısa müddətdə reallaşması qeyri-mümkündür.

“Ancaq buna baxmayaraq, yaxın bir neçə ildə Azərbaycan Cənub Qaz Dəhlizi ilə məhz türkmən qazını Avropa bazarına müəyyən həcmlərdə verə bilər. Bu həm svap, yəni dəyişdirmək yolu ilə İran üzərindən alınan türkmən qazı ola bilər. Həmçinin də Azərbaycanla Türkmənistanın Dostluq yatağının işlənməsində (neft-qaz yatağı) müəyyən hissə hüquqi baxımdan türkmən qazı olar,” İlham Şaban belə düşünür.

Cənub Qaz Dəhlizi Azərbaycan prezidenti İlham Əliyevin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb.

Cənub Qaz Dəhlizi
Cənub Qaz Dəhlizi

2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan Avropaya kommersiya məqsədli qazın nəqlinə başlanılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək, İtaliyanın cənub sahillərinə çatır.

TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagás (16%) və Axpo (5%) şirkətləridir.

XS
SM
MD
LG