Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bazar ertəsi İranın din xadimləri, yüksək vəzifəli məmurları və dövlətə məxsus kütləvi informasiya vasitələrinin rəhbərlərinə qarşı etirazçılara qarşı qəddar repressiyalarla əlaqədar, eləcə də Rusiyanı Ukrayna müharibəsində istifadə etdiyi partlayıcı dronlarla təchiz etməkdə əli olduğundan şübhəlilənilən ekspertlərə qarşı yeni sanksiyalar tətbiq edib.
Nazirlər 20 nəfərin Avropaya səyahətinə qadağalar qoyub və onların aktivlərini dondurub. Onlar həmçinin İran İslam Respublikası yayım şirkətinin aktivlərini donduraraq, bu media orqanının "İrandakı son nümayişlərə zorakı cavabın ruporu" olduğunu bildirib.
Minlərlə insan İslam Respublikasının sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra sentyabrın sonundan bəri hökumətin onların gündəlik həyatlarına ciddi məhdudiyyətlər qoymasına etiraz edib.
İran başqalarına xəbərdarlıq olsun deyə, ölkənin teokratiyasına meydan oxuyan ümummilli etirazlar zamanı törədilən cinayətlərə görə məhkum edilmiş ikinci məhbusu bazar ertəsi ictimaiyyət qarşısında krandan asaraq edam edib.
Avropa İtifaqı nazirləri bəyanatda İranı "etirazçılara qarşı edam hökmlərinin çıxarılması və icra edilməsi kimi kəskin şəkildə pislənilən təcrübəyə dərhal son qoymağa, eləcə də artıq elan edilmiş edam hökmlərini təxirə salmağa" çağırıb.
Nazirlər həmçinin İranı Rusiyaya pilotsuz təyyarələr tədarük etdiyinə görə tənqid ediblər və bildiriblər ki, "İranın verdiyi silahlar Rusiya tərəfindən Ukraynanın mülki əhalisinə və infrastruktura qarşı fərq qoyulmadan istifadə olunur və dəhşətli dağıntılara, insan iztirablarına səbəb olur".
Dörd nəfər və dörd "qurum" - əksər hallarda agentliklər, media orqanları, şirkətlər və ya təşkilatlar "Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozduğuna və ya təhdid etdiyinə görə" sanksiyalara məruz qalıb.
Rusiya Ukraynanın elektrik stansiyaları və digər əsas infrastrukturuna zərbələr endirmək üçün İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməkdə ittiham olunur. Avropa İttifaqı fevral ayında müharibə başlayandan bəri İranın Rusiyaya pilotsuz təyyarələr satdığına dair dəlillərə malik olduğunu bildirib.
Xarici işlər nazirləri Tehrana daha çox silah tədarükü, əsasən də "ciddi eskalasiya yarada biləcək qısamənzilli ballistik raketlərin Rusiyaya təhvil verilməsi istiqamətində hər hansı mümkün addım atması" ilə bağlı xəbərdarlıq edib.
Onlar bildiriblər ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən hər hansı addıma cavab verəcək və "İranı, əlavə məhdudlaşdırıcı tədbirlər vasitəsilə məsuliyyətə cəlb edəcək".
Avropa İttifaqı keçən ay İran İnqilabı Keşikçiləri Korpusunun rəisi, Mühafizə Korpusunun Aerokosmik Qüvvələri və blokun iddia etdiyi kimi, Rusiyanın Ukraynada istifadə etdiyini dronlar istehsal edən şirkətə qarşı sanksiyalar tətbiq edib.