Avropa Komissiyasının sədri Ursula von der Leyen altı ay ərzində xam neft və ilin sonuna qədər emal olunmuş məhsulların idxalının dayandırılması ilə bütün Rusiya neftinə qadağa daxil olan yeni sanksiyalar paketini açıqlayıb.
Paket Aİ üzvləri tərəfindən yekdilliklə təsdiqlənməlidir.
"Açıq danışsaq, bu, asan olmayacaq, çünki bəzi üzv dövlətlər Rusiya neftindən güclü asılıdır, lakin biz bunu etməliyik" - deyə, von der Leyen Avropa Parlamentinə deyib.
Onun sözlərinə görə, mərhələli yanaşma Aİ üzvlərinə Rusiya idxalına alternativlər tapmağa və qlobal enerji bazarlarına mənfi təsirləri aradan qaldırmağa imkan verəcək ki, bu da Rusiyaya təzyiqi maksimuma çatdırmaqla yanaşı iqtisadi zərəri minimuma endirməyə kömək edəcək.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya enerjisinin idxalını dayandırmaq üçün daha geniş tədbirlər görməyə təkan verib və bu həftənin əvvəlində Aİ-nin yeni paketinə "Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirləri bloklamaq üçün açıq-aydın addımlar daxil edilməlidir" deyib.
Aİ-nin təklif etdiyi sanksiyalara, həmçinin Rusiyanın ən böyük bankı olan Sberbank-ın beynəlxalq SWIFT əməliyyatı və mesajlaşma sistemindən çıxarılması və Buçada müharibə cinayətləri törədən və Mariupolun qeyri-insani mühasirəsinə cavabdeh olan yüksək rütbəli hərbi zabitlərin siyahıya alınması daxildir.
"Bu, Kremlin bütün günahkarlarına daha bir mühüm siqnal göndərir: biz sizin kim olduğunuzu bilirik, sizi məsuliyyətə cəlb edəcəyik, siz bundan xilas olmayacaqsınız" - deyə, von der Leyen qeyd edib.
O, əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin "qəddar təcavüz üçün yüksək qiymət ödəməlidir".
"Putin Ukraynanı xəritədən silmək istəyirdi və o, açıq-aydın buna nail olmayacaq. Əksinə, Ukrayna cəsarət və birlik içində ayağa qalxıb və Putin, onun öz ölkəsi Rusiya batmaqdadır " - deyə, Aİ rəsmisi vurğulayıb.
Rusiya Ukraynanın şərq və cənub hissələrini atəşə tutub, bunu Zelenski Rusiya qüvvələrinin "uğurlarımıza böyük qəzəblə" reaksiya verməsi kimi xarakterizə edib.
O, çərşənbə axşamı müraciətində bunları deyib: "Bugünkü atəşin böyük miqyası Rusiyanın hər hansı xüsusi hərbi məqsədi olduğunu göstərmir".