Avropa İttifaqının bu həftə keçiriləcək sammiti üçün hazırlanan yekun bəyannamə layihəsində Ukrayna və Moldovaya namizəd statusu verilməsi təklif edilir. Azadlıq Radiosu sənədin nüsxəsini nəzərdən keçirməyə müvəffəq olub.
21 iyun tarixinə aid sənəddə göstərilir ki, "Avropa Şurası Ukrayna və Moldova Respublikasına namizəd ölkə statusunun verilməsi barədə qərar qəbul edib".
Gürcüstanın namizədliyi ilə əlaqədar isə deyilir ki, Tbilisi bir sıra şərtlərə əməl etdikdən sonra Gürcüstana da eyni status veriləcək. "Bu ölkələrin və onların vətəndaşlarının gələcəyi Avropa İttifaqının daxilindədir" - deyə, sənəddə bildirilir.
27 blok üzvünün hamısı bu qərarı təsdiqləməlidir və heç bir ölkədən müqavimət olacağı gözlənilmir.
Lüksemburqdan olan Jan Asselborn iyunun 21-də Aİ xarici işlər nazirləri ilə görüşdən əvvəl məsələ ilə bağlı deyib ki, bu işdə "heç bir ölkənin problemi yoxdur''. Toplantıda onun bir neçə həmkarı da oxşar fikirlər səsləndirib.
Aİ liderləri iyunun 23-24-də Brüsseldə görüşəcək. Görüşdə, həmçinin Rusiyaya qarşı sanksiyalar üzərində daha çox işləmək öhdəliyi götürüləcək.
Sənəddə göstərilir ki, sanksiyalar üzərində iş davam etdiriləcək, o cümlədən bunun tətbiqinin gücləndirilməsi və yayınmanın qarşısının alınması" üzərində iş də daxil olmaqla, blok Ukraynaya gələcək hərbi dəstək verməyə və bu dəstəyin artırılması üzərində sürətlə işləməyə sadiqdir.
Sözügedən sənəddə Belarus da yer alır. Belə ki, ölkədə "yeni, azad və ədalətli seçkilər" keçirilməsi üçün əvvəlki çağırışlar təkrarlanır, eləcə də ölkə hakimiyyəti "insan haqları, demokratiya və qanunun aliliyini qorumağa, repressiyalara son qoymağa və siyasi məhbusları azad etməyə" çağırılır.