Avropa İttifaqı (Aİ) Xarici Siyasət İdarəsinin rəhbəri Cosep Borrell bildirib ki, Aİ xarici işlər nazirləri Ukraynaya hərbi dəstəyi davam etmək və artırmaq, eləcə də rusiyalı fərdləri və Rusiya iqtisadiyyatının müəyyən sektorlarını hədəf alan yeni sanksiyalar paketinin üzərində işləmək barədə razılığa gəlib.
Borrell Nyu Yorkda nazirlərin xüsusi iclasını çağırdıqdan sonra çərşənbə günü gecə jurnalistlərə sanksiyalar paketinin təfərrüatlarını hələ də Avropa İttifaqı nümayəndələrinin müəyyənləşdirməli olduğunu deyib və buna yekdil dəstəyin olacağına əmin olduğunu bildirib.
O, nazirlərin Rusiya Prezidenti Vladimir Putinin "Ukraynanı məhv etməyə çalışdığı" və ölkəsinin ehtiyatda olan hərbçilərinin qismən səfərbər olunduğunu elan etdiyi gün görüşməsi və ona "güclü mesaj" göndərməsinin vacib olduğunu deyib.
"Rusiya Ukrayna xalqına qarşı törətdiyi böyük əzabdan əlavə, özünün əhalisi üçün də müharibənin dəyərini artırmağı seçib" - deyə, Borrell bildirib.
Onun sözlərinə görə, Putinin Rusiyanın özünü müdafiə etmək üçün lazım gələrsə nüvə silahından istifadə edə biləcəyinə açıq-aşkar istinad etməsi "Ukraynaya sarsılmaz dəstəyimizə zərbə vurmaq üçün məsuliyyətsiz və rüsvayçı cəhddir".
Borrell "bu təhdidlər beynəlxalq sülhə və təhlükəsizliyi böyük təhlükə altına qoyur. Lakin onlar bizim qətiyyətimizi sarsıtmayacaq. Onlar bizim qətiyyətimizi, Ukraynanın yanında olmaq üçün birliyimizi, Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək dəstəyimizi sarsıtmayacaq" deyib.
Putin çərşənbə günü televiziya ilə çıxışı zamanı deyib ki, Ukraynanın şimal-şərqində əks-hücum əməliyyatları zamanı əldə etdiyi nailiyyətlərdən sonra ehtiyatların səfərbər edilməsi Rusiyanı və vətəninin suverenliyini qorumaq üçün zəruridir.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ehtiyatda olan 300 min hərbçinin orduya çağrılacağını bildirib.
Putin deyib ki, Qərb Rusiyanı zəiflətməyə, məhv etməyə çalışır və ölkəsi "Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcək".
"Qərb özünün aqressiv anti-Rusiya siyasətində bütün sərhədləri keçib. Bu, yalan deyil. Bizi nüvə silahı ilə şantaj etməyə çalışanlar bilməlidirlər ki, havanın istiqamətini göstərən ox dönüb onlara tərəf yönələ bilər", deyib Putin.
Putin, həmçinin Rusiyanın artıq 7 aydır Ukraynaya işğalının məqsədinin Ukraynanın şərqindəki Donbas bölgəsini "azad etmək" olduğunu bir daha təkrar edərək, oradakı insanların Ukraynanın bir hissəsi olmaq istəmədiklərini bildirib.