Accessibility links

Avropa Parlamenti Macarıstanı Aİ-nin fundamental dəyərlərinə xələl gətirməkdə ittiham edən qətnamə qəbul edib


Avropa Parlamenti cümə axşamı ölkəsinin demokratiyasına xələl gətirdiyinə görə Macarıstanın baş naziri Viktor Orbana qarşı tədbir görülməsi çağırışını dəstəkləyib və Budapeştin blokdakı səsvermə hüququnu əlindən almaq istiqamətində daha bir addım atıb.

Avropa Parlamenti Macarıstan hökumətinin "Avropa İttifaqının (Aİ) fundamental dəyərlərinə zərbə vurmaq üçün düşünülmüş, davamlı və sistemli səylərini" pisləyən qətnamənin lehinə səs verib.

Qətnamədə Orban keçən ay Avropa İttifaqının Ukraynaya əlavə maliyyə yardımına veto qoyduğuna görə qınanılıb.

Nəhayət, qətnamədə Macarıstanın Avropa İttifaqında səsvermə hüququnun dayandırılması ilə nəticələnə biləcək prosedurda daha bir addımın atılması tələb olunub.

Lakin 7-ci maddədə nəzərdə tutulan "cərimə proseduru" uzun və mürəkkəb prosesdir.

Cümə axşamı qəbul edilən qətnamə hüquqi qüvvəyə malik olmasa da, bu, Avropa İttifaqı liderlərinin fevralın 1-də Brüsseldə keçiriləcək sammiti ərəfəsində Orbana siyasi təzyiqi artırır və bu, Ukraynaya yeni yardımla bağlı danışıqlara yenidən cəhd olacaq.

Qətnamə eyni zamanda Ukraynaya daha çox yardım üçün Orbanın dəstəyini qazanmaq məqsədi ilə keçən ay keçirilən sammitdən əvvəl Avropa İttifaqının Macarıstana ayırdığı 10 milyard avro (11 milyard dollar) vəsaitin qismən dondurulması qərarını ləğv etmək üçün mümkün "hüquqi tədbirlərə" yol açır.

Bundan sonra Orban Ukrayna ilə Avropa İttifaqına üzvlük danışıqlarına başlamağa razılaşsa da, növbəti dörd il ərzində Kyiv hökumətinə 50 milyard avro maliyyə yardımı təklifinə veto qoyub. Cümə axşamı Macarıstanın Baş nazirinin aparat rəhbəri Gergeli Qulyas Macarıstanın Avropa İttifaqı ilə Ukraynaya yardımla bağlı razılıqdan uzaq olduğunu bildirib.

O, "Biz bunun Avropa İttifaqı büdcəsi çərçivəsində etməyin yaxşı fikir olduğunu düşümnürük, çünki Macarıstan üçün nəzərdə tutulan pullar sonda Ukraynaya verilə bilər" deyib.

Orban Avropa Komissiyasının təklif etdiyi birgə büdcəni qəbul etməkdən imtina etdikdən sonra Avropa İttifaqının qalan 26 üzvü büdcənin qəbul edilməsini Budapeştin iştirakı olmadan nəzərdən keçirdiklərini bəyan edib.

Forum

XS
SM
MD
LG