Accessibility links

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Ukraynaya səfər edəcək


Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Cosep Borrell
Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Cosep Borrell

Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Cosep Borrell Rusiyanın hərbi birləşmələrini Ukrayna sərhədi yaxınlığına toplaması ilə bağlı Avropa blokunun Kyivə dəstəyini göstərmək üçün bu həftə Ukraynaya səfər edəcək.

Avropa Komissiyası yanvarın 3-də bildirib ki, Borrell yanvarın 4-dən 6-dək Ukraynaya səfər edəcək və Kyivdə rəsmilərlə görüşdən əvvəl o, Ukraynanın şərqində hökumət qüvvələrinin Rusiyanın dəstəklədiyi separatçılarla döyüşdüyü “təmas xəttinə” baş çəkəcək.

Qərb Rusiyanın Ukrayna sərhədləri yaxınlığında təxminən 100 min əsgər toplamasının potensial işğala hazırlıq ola biləcəyindən narahatdır.

Moskvanın ABŞ və NATO-dan geniş təhlükəsizlik zəmanəti tələb etməsindən sonra ABŞ və Rusiya rəsmiləri yanvarın 9-u və 10-u Cenevrədə böhranla bağlı danışıqlar aparmağa hazırlaşır.

İkitərəfli danışıqlardan bir neçə gün sonra isə Rusiya və NATO arasında görüşlər keçiriləcək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində ayrı-ayrı müzakirələr aparılacaq.

Brüssel qitədə təhlükəsizliklə bağlı ABŞ və Rusiya arasında keçiriləcək danışıqlardan kənarda qalmaq istəmir.

Borrell keçən həftə Almaniyanın Die Welt qəzetinə verdiyi müsahibəsində "Avropa İttifaqı bu danışıqlarda iştirak etməlidir. Biz iştiraksız və qərarlardan xəbərsiz tamaşaçı olmaq istəmirik" deyib.

Birləşmiş Ştatlar Avropadakı müttəfiqləri və Ukrayna olmadan regionda təhlükəsizliklə bağlı heç bir qərarın verilməyəcəyini bildirib.

Rusiya Ukrayna və digər keçmiş Sovet ölkələrinin NATO-ya qoşulmayacağına dair zəmanət tələb edib və alyansın Mərkəzi və Şərqi Avropada hərbi bazalarını yerləşdirməməsini istəyib.

Qərb Moskvanın NATO alyansı ilə bağlı ultimatumlarını rədd edib və Ukraynaya yenidən müdaxilə edəcəyi təqdirdə Moskvanı ciddi sanksiyalar və digər tədbirlərlə hədələyib.


XS
SM
MD
LG