Accessibility links

Aİ Ukraynaya hərbi yardımı 500 milyon avroya çatdırır


Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqını “daha çox iş görməyə” çağırdığı vaxtda, blok liderləri Moskvanı Ukraynaya hərbi müdaxilə etdiyinə görə cəzalandırmaq üçün yeni sanksiyalar paketi hazırlamaqla Rusiyaya təzyiqi gücləndirməyə və blokun Kyivə verdiyi hərbi yardımı ikiqat artırmağa razılaşıblar.

Aİ-nin baş diplomatı Cosep Borrel martın 11-də bildirib ki, Parisdən kənarda, Versalda iki günlük sammitdə iştirak edən 27 üzvlük blokun liderləri Ukraynaya hərbi yardıma 500 milyon avro (550 milyon dollar) əlavə etmək barədə razılığa gəliblər.

"Dünən 500 milyon avro dəyərində hərbi yardımla töhfəmizi ikiqat artırmağı təklif etdim. Və bu dərhal ediləcək. İndi işlər daha sürətlə gedir" - deyə, Borrel qeyd edib.

Bu addım Aİ-nin Ukraynanın bloka sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı gözləntilərini azaltmasından bir gün sonra və Rusiyanın Ukraynaya səbəbsiz hərbi müdaxiləsindən iki həftədən çox müddət keçdikdən sonra atılıb.

Zelenski martın 11-də Telegram-da video bəyanatında deyib ki, “Avropa İttifaqı daha çox iş görməlidir - bizim üçün, Ukrayna üçün daha çox iş görməlidir”.

“Siyasətçilərin qərarları onların xalqlarının əhval-ruhiyyəsi ilə üst-üstə düşməlidir” – deyə, o əlavə edib.

Aİ daha əvvəl hücuma məruz qalan bir ölkəni kollektiv şəkildə silahla təmin etmək üçün görünməmiş bir jestlə Ukrayna qüvvələri üçün hərbi təchizata 450 milyon avro (500 milyon dollar) xərcləmişdi.

Aİ Rusiya prezidenti Vladimir Putinə, Rusiyanın maliyyə sisteminə və onun oliqarxlarına qarşı irimiqyaslı sanksiyalar tətbiq edib. Bu həftənin əvvəlində bloka daxil olan ölkələr 160 nəfərə qarşı əlavə sanksiya tətbiq etmək barədə razılığa gəliblər.

Aİ-nin sanksiyaları indi ümumilikdə 862 fiziki şəxsə və 53 quruma şamil edilir.

Borrel bildirib ki, Aİ oliqarxları və Rusiya iqtisadiyyatını hədəf alan yeni sanksiyalar hazırlamağa davam edəcək.

Danışıqlardan birbaşa xəbəri olan Aİ rəsmisinin sözlərinə görə, blok müharibənin daha da genişlənəcəyi təqdirdə aktivləşdirilə biləcək sanksiyaları hazır vəziyyətə gətirməyi hədəfləyir. Müzakirələrin həssaslığına görə həmin şəxsə ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti verilməyib.

Rusiya və onun yaxın müttəfiqi Belarusa qarşı potensial yeni cəza tədbirləri bütün banklarının SWIFT ödəniş sistemindən ayrılmasını əhatə edə bilər.

Bununla belə, Rusiyadan qalıq yanacaq idxalına Vaşinqtonun tətbiq etdiyinə bənzər tam embarqo hələlik danışıq masasında deyil.

XS
SM
MD
LG