“Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən 21 yaşlı Fərid Məmmədov İsveçin Malmö şəhərində keçirilən müsabiqənin finalına çıxıb.
O, müsabiqəyə romantik Hold Me mahnısı ilə qatılıb. Mahnının musiqisi Dimitris Kontopulusa, sözləri Con Ballard və Ralf Çarliyə məxsusdur.
F.Məmmədov 6 yaşından səhnədədir. O, Azərbaycanın xalq artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” qrupunun solistidir. Həm Azərbaycan milli musiqisini ifa edir, həm də estrada stilində çıxış edir.
F.Məmmədovla yanaşı ikinci yarımfinal qrupundan finala Macarıstan, Gürcüstan, Rumıniya, Norveç, İslandiya, Ermənistan, Finlandiya, Malta, Yunanıstan ifaçıları çıxıb.
Final konserti mayın 18-də olacaq.