Accessibility links

Əvəz Zeynallı saxlanılıb (Yenilənib)


Əvəz Zeynallı
Əvəz Zeynallı

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının polisin qanuni tələbinə tabe olmamaqda günahlandırıldığı bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

"Hazırda Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır. Sabah (dekabrın 20-də) onunla görüşəcəm. Hələ ki, onun cəzalandırılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər. Əvəz Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni tələbinə tabe olmamaq)", vəkil vurğulayıb.

Dekabrın 19-da axşam saatlarında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının saxlanıldığı haqda məlumat verilib.

Zeynallının həyat yoldaşı Məlahət Qüsuri Amerikanın Səsinə bildirib ki, jurnalistin saxlanılmasına Binəqədi şossesinin bağlanması ilə bağlı Facebook-da canlı yayım aparması səbəb olub.

“Uzun müddətdir ki, Əvəz Zeynallı sosial şəbəkələrdə canlı yayımlar apararaq, Binəqədi rayon polis bölməsi əməkdaşlarının lazım gəldi-gəlmədi Binəqədi şossesində yolu bağlayaraq minlərlə insanı kilometrlərlə yolu evlərinə piyada getməyə məcbur etdiklərini göstərib. Bu gün də eyni ilə yolların heç bir xəbərdarlıq edilmədən bağlanılması yüzlərlə insanın piyada yürüməsinə səbəb olub. Yolda çəkiliş etməyə cəhd göstərən Əvəz Zeynallını bu dəfə vəzifəsini və kimliyini təqdim etməyən polis əməkdaşı təhqir edib. Bu zaman jurnalist əməkdaşı təhqirə yol verməməyə çağırıb. Bundan sonra polis əməkdaşları məcburi qaydada Əvəz Zeynallını 4-cü polis bölməsinə aparıb. İlkin məlumata görə, onun cəzalandırılması üçün tədbirlər hazırlanır”, Qüsuri qeyd edib.

Binəqədi Rayon Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, jurnalist polis idarəsinə gətirilməyib.

Hazırda Əvəz Zeynallının mobil telefonu söndürülüb.

XS
SM
MD
LG