Accessibility links

Əvəz Zeynallının məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb


Əvəz Zeynallı
Əvəz Zeynallı

Baş redaktor 28 oktyabr 2011-ci ildə deputat Gülər Əhmədovanın şikayət ərizəsi ilə ittiham olunub. Sonradan ona qarşı daha bir neçə iddia irəli sürülüb

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi üzrə bugünki prosesdə iki şahid - Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin rəisi Kamal Əliyev və şöbənin əməkdaşı Müşfiq Əlirzayev dindirilib.
Şahidlər məhkəmə icrasının dörd məhkəmə qərarı ilə əlaqədar həyata keçirildiyini gizlətməyə çalışıblar. Belə ki, onlar yalnız üç iddiaçının - müğənni Nüşabə Ələsgərlinin, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun və KİV-ə Dövlət Dəstəyi Şurasının rəhbəri Vüqar Səfərlinin adını çəkiblər.
Yalnız müttəhimin israrlı tələblərindən sonra dördüncü iddiaçının - prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çəkilib.

Bundan başqa, şahidlərin ifadələrində ziddiyyətlər və qeyri-dəqiqliklər, habelə “seçici unutqanlıq” müşahidə olunub. Belə ki, Kamal Əliyev və Müşfiq Əlirzayev işin elementar təfərrüatlarını xatırlamayıblar, baxmayaraq ki, Əlirzayev birdən 2009-cu ildə qəzetin redaksiyasında akt tərtib edilməsi faktını xatırlayıb. Lakin bu aktın altında qəzet əməkdaşlarının heç birinin imzası yoxdur, Zeynallının iddiasına görə isə belə bir fakt olmayıb.

Söhbət redaksiyanın məhkəmə cəriməsi ödəməkdən imtina ilə əlaqədar tərtib edilmiş aktdan gedir. Şahidlər vəkil Rəşid Hacılının və müttəhimin özünün çoxsaylı suallarına dolaşıq cavablar veriblər, onların, demək olar ki, işlə tanış olmadıqları aydın olub.
Müttəhim özü 6 məhkəmə icraçısının hamısının (iş üzrə şahid qismində keçirlər) ifadələrinin forma və mahiyyətinin eyni olduğunu, bunun ifadələrin diktə ilə verildiyini göstərdiyini iddia edib.

Məhkəmə prosesin davam etdiriləcəyi dəqiq tarixi elan etməyib. Müttəhim isə hakimin məzuniyyətə çıxdığını, prosesin sentyabrın 15-dən sonra bərpa ediləcəyini bildirib.
Vəkil Rəşid Hacılı Turan agentliyinə bildirib ki, hakimlərin, iddiaçıların və hətta şahidlərin davranışı açıq-aşkar “sifariş xarakterlidir”. Altı məhkəmə icraçısının çıxışları bunun göstəricisidir.

2011-ci ilin sentyabrında Nüşabə Ələsgərli, Ağabəy Əsgərov və Vüqar Səfərlinin “birdən” redaktora qarşı köhnə iddiaları yeniləmələri faktı da məhkəmənin bir mərkəzdən idarə edildiyini göstərir. Bu, “Xural” qəzetinin hər gün çıxmağa, hakimiyyətin ən yüksək eşelonlarının məmurları, o cümlədən dövlət başçısı haqqında daha kəskin yazmağa başlamasından sonra baş verib.

“Redaktorla hesablaşmaq istəyinin arxasında da bu durur”, deyə Hacılı bildirib.
Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə deputat Gülər Əhmədovadan iri məbləğdə pul tələb etməkdə ittiham olunub. Sonradan ona qarşı daha bir neçə iddia irəli sürülüb. Lakin beynəlxalq təşkilatlar onun həbsinin əsl səbəbini hakimiyyəti tənqid etməkdə görürlər və onu vicdan məhbusu kimi tanıyıblar.
XS
SM
MD
LG