Accessibility links

Putin hərbi əməliyyat elan edib, Ukraynada partlayışlar eşidilib


Ukraynalı hərbçi Ukraynanın şərqindəki Svitlodarsk yaxınlığında, Ukraynanın nəzarətində olan ərazi ilə üsyançıların nəzarətində olan ərazilər arasındakı ayırma xəttində öz mövqeyində dayanır
Ukraynalı hərbçi Ukraynanın şərqindəki Svitlodarsk yaxınlığında, Ukraynanın nəzarətində olan ərazi ilə üsyançıların nəzarətində olan ərazilər arasındakı ayırma xəttində öz mövqeyində dayanır

BMT Təhlükəsizlik Şurası müharibənin qarşısını almaq məqsədilə gecə saatlarında fövqəladə iclas keçirərkən, Rusiya prezidenti Vladimir Putin cümə axşamı səhəri Ukraynanın şərqində hərbi əməliyyata başladığını elan edib. O, Ukraynadan gələn təhdidlərə cavab olaraq hərəkət etdiyini bildirib və digər ölkələrə müdaxilə etməmələri barədə xəbərdarlıq edib.

Putin televiziya müraciətində əlavə edib ki, Rusiyanın Donbas bölgəsindəki hərəkətinə qarşı çıxanlar “heç vaxt görmədikləri nəticələrlə” üzləşəcəklər.

Təxminən eyni vaxtda Ukraynanın paytaxtı Kyivdə şəhər mərkəzindən uzaqda bir neçə partlayış səsi eşidilib. Rəsmilər Amerikanın Səsinə bildiriblər ki, Kyivdəki iki hava limanı pilotsuz təyyarələrin hücumu zamanı hədəfə alınıb və eşidilən partlayışlardan bəzilərinə Ukrayna qüvvələrinin pilotsuz təyyarələrə raket atması səbəb olub. Bir rəsmi bildirib ki, Rusiya, böyük ehtimalla, sonrakı hava hücumlarına yol açmaq üçün havadan müdafiə sistemlərini hədəfə alır.

ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada Ukrayna xalqının “Rusiya hərbi qüvvələrinin səbəbsiz və əsassız hücumundan” əziyyət çəkdiyini bildirib.

"Prezident Putin əvvəlcədən düşünülmüş fəlakətli insan itkisi və insan iztirablarına gətirib çıxaracaq müharibə yolunu seçdi", deyə Bayden bildirib. “Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır və ABŞ, onun müttəfiqləri və tərəfdaşları vahid və qəti şəkildə cavab verəcəklər. Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək”.

Bayden deyib ki, cümə axşamı səhər G-7 liderləri ilə danışdıqdan sonra "ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız Ukraynaya və qlobal sülh və təhlükəsizliyə qarşı bu lazımsız təcavüz aktının Rusiyaya tətbiq edəcəyi gələcək nəticələri" açıqlayacaq.

Birləşmiş Ştatlar və Ukraynanın digər Qərb müttəfiqləri bu həftənin əvvəlində Rusiya rəsmilərinə və ölkənin maliyyə sisteminə qarşı bir sıra sanksiyalar tətbiq edib və Rusiyanın Ukraynadakı gələcək fəaliyyətinin daha sərt tədbirlərə səbəb olacağı barədə xəbərdarlıq edərək, Rusiyanın qaz kəməri layihəsini dayandırıb.

Çərşənbə günü Putinin növbəti təcavüzünü dayandırmaq üçün təcili olaraq əlavə sanksiyalara ehtiyac olduğunu deyən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba cümə axşamı tvitində Rusiya liderinin “Ukraynaya genişmiqyaslı işğala” başladığını bildirib.

Putinin bu çıxışı BMT-nin baş katibi Antonio Quterreşin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası zamanı Putindən münaqişədən yayınmasını istəməsindən qısa müddət sonraya təsadüf edib.

“Bu gecə ürəyimdən bircə sözüm var: Prezident Putin, qoşunlarınızın Ukraynaya hücumunu dayandırın. Sülhə bir şans verin. Artıq yetərincə çox insan ölüb”, - Quterreş bildirib.

Ukraynanın nümayəndəsi Şuraya deyib ki, Rusiya müharibəyə başladığı üçün deeskalasiya haqqında danışmaq üçün artıq çox gecdir.

"Müharibə cinayətkarları üçün təmizlik yeri yoxdur, onlar birbaşa cəhənnəmə gedirlər", - deyə Sergiy Kislitsya bildirib.

Rusiya cavab verib ki, Moskva Ukrayna xalqına deyil, “Kiyevdə hakimiyyətdə olan xuntaya” hücum edir.

Çərşənbə günü daha bir genişmiqyaslı kiberhücum Ukrayna hökumətinin saytlarını vurub. Pentaqon Rusiya qüvvələrinin Ukrayna sərhədlərinə yaxınlaşdığını və "hərbi əməliyyatlar keçirməyə" hazır olduqlarını bildirib.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü jurnalistlərə deyib: "Biz inanırıq ki, onlar hazırdırlar".

Kirbi bildirib ki, Pentaqon "Rusiya daha çox hərbi qüvvələrinin Ukraynanın Donetsk və Luqansk bölgələrinə daxil olduğuna" inanır, lakin o, bu iki bölgəyə yeridilən rus qoşunlarının sayı ilə bağlı konkret məlumatları təsdiqləməyəcək.

Amerikanın Səsi Donbasda əlavə rus hərbçilərinin olub-olmadığını müstəqil şəkildə təsdiqləməyib.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət mediasına bildirib ki, öz müstəqilliyini elan etmiş Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının rəhbərləri çərşənbə günü Putindən Ukrayna silahlı qüvvələri ilə döyüş üçün kömək istəyiblər.

Kirbi son kiberhücumları Rusiyaya aid etməyib, sadəcə olaraq kiberməkandakı pozuntuların “Rus oyun kitabına aid olduğunu” söyləyib. Kiyev kiberhücumlara görə Moskvanı günahlandırsa da, Rusiya hər hansı əlaqəni inkar edir.

Yüksək səviyyəli müdafiə rəsmisi çərşənbə günü jurnalistlərə bildirib ki, Ukraynanı əhatə edən 150,000-dən çox rus əsgərinin 80%-i Qara dənizdə 10-dan çox desant gəmisindəki qoşunlar da daxil olmaqla, “irəli mövqelərdə” getməyə hazırdır.

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü axşam saatlarında xalqa müraciət edib. O, ümummilli fövqəladə vəziyyət elan etdikdən bir neçə saat sonra rus dilində "Ukrayna xalqı və Ukrayna hökuməti sülh istəyir" deyib. Millət hücuma məruz qalsa, “biz cavab verəcəyik” - deyə, əlavə edib.

O, daha sonra Rusiyanın Ukraynanın təhdid yaratması ilə bağlı iddialarını rədd edib və işğalın minlərlə insanın həyatına son qoyacağını bildirib. O, həmçinin Putinə zəng etməyə çalışdığını, lakin Kremldən cavab gəlmədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG