Accessibility links

Fərzad Səmədli: 21 Azəri xatırladaraq bizi qətliamla təhdid edirlər


Fərzad Səmədli
Fərzad Səmədli

Son həftələrdə bəzi iranlı müxalif qruplar Təbriz Stadionunda “bölücü şüarların səsləndirilməsi və əcnəbi ölkələrə dəstək verilməsinə” etiraz edərək, İranın təhlükəsizlik qüvvələrinin bu barədə yetərincə sərt ölçülər götürmədiyini irəli sürürlər.

Fərzad Səmədli Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:20 0:00

Noyabrın 1-də Təbriz Stadionunda Traktor və İstiqlal komandaları arasında keçirilən matç zamanı türk azarkeşlər səsləndirdikləri şüarlar və ‘Əsgər Salamı’ ilə Türkiyə ordusuna dəstək bildiriblər. Stadionda həmçinin Türkiyə və Azərbaycan bayraqları qaldırılıb.

Almaniyanın 'Transfer Markt' saytına görə, bu matç 100 min izləyici ilə həmin həftə dünyanın stadiona ən çox azarkeş çəkən matçı olub. Təbriz Stadionunda baş verənlər Türkiyə mediasında geniş yer alıb.

Fərzad Səmədli həmin gün stadionda baş verənləri “keçən yüz ildə görüməmiş bir olay” kimi dəyərləndirir:

“Bu, heç zaman görünməmişdi. Bir stadionda, o da sadəcə içəri girə bilənlər, yəni 100 min insan qalxsın və ‘Türk Türk’ səsləsin, ana dilinin bütün İranda tədrisini istəsin, türk əsgərinə salam göndərsin və hətta öz taleyinin öz əlində olmasını istəsin.”

Onun sözlərinə görə, “son 100 ildə ki, İranda yeni dövlət-millət modern halını tapıb və yeni kimlik müəyyənləşmiş, türk sevgisi, türk gücü və türk oyanışı bu səviyyəyə çatmamışdı... Pişəvəri zamanında ki, Azərbaycan Milli Höküməti quruldu və bir il davam etdi, hətta o dövrü də bununla müqayisə etmək olmaz.”

Son 100 ildə türk oyanışı bu səviyyəyə çatmamışdı. Pişəvəri zamanında ki, Azərbaycan Milli Höküməti quruldu və bir il davam etdi, hətta o dövrü də bununla müqayisə etmək olmaz.

İran rəsmiləri həmin olaylardan sonra 7 azarkeşin saxlanıldığını bildiriblər. Hüquq müdafiəçiləri tutulanların sayının bu rəqəmdən artıq ola biləcəyini bildiriblər, amma onların kimliyi ilə bağlı məlumat yayılmayıb.

Ölkə daxili və xaricində fəaliyyət göstərən bir çox iranlı fəal və siyasi qrup bu həbslərin yetərli olmadığını düşünürlər. Onlar “bölücülər və əcnəbilərə dəstək verənlərə” qarşı daha sərt ölçülərin götürülməsini tələb edirlər.

Sosial media və farsdilli televiziyalarda çıxış edən bəzi iranlı siyasi fəallar deyirlər ki, “bölücülərə 21 Azər (11 dekabr 1946) olaylarını xatırlatmaq lazimdir.”

Fərzad Səmədli hesab edir ki, “bu sözlər qətliama təhdid anlamına gəlir.”

“Bunlar istəyir ki, mərkəzi hakimiyyət ayağa qalxmış türkləri ortadan qaldırmaq üçün hərəkətə keçsin. Dövləti təşviq və təhrik edirlər. Deyirlər ki, İslam Respublikası harada? Niyə bunları tutmur?.. Deyirlər ki, 1945-də qurulan milli hökümətə qarşı necə bir qətliam tətbiq etdik, indi də bunu həyata keçirə bilərik. Bunlar başqalarına qarşı da belə qətliamlar ediblər. Qaşqay türklərinə qarşı, lurlar, kürdlər və ərəblərə qarşı. Yenə də buna doğru gedə bilərlər,” jurnalist bəyan edir.

Biz beynəlxalq hüquqa üz çevirərək beynəlxalq qurumlardan yardım istəyərək deyirik ki, buradakı duruma baxın. Sabah bir olay çıxmadan öncə bunlara diqqət edin.

O, keçmişdə oxşar təhdidlərin İslam Respublikası rəsmiləri tərəfindən də ortaya qoyulduğunu önə çəkir:

“Bu sözləri həm daxil, həm də xaricdəki qruplar dedilər. Rəsmilər hələ deməyib, amma onlar da bir gün deyə bilər. Çünki mən xatırlayıram ki, Ayətullah Xomeyni ‘Müsəlman Xalq’ olaylarında bu cümləni dilə gətirdi ki, Təbriz əgər çox irəli getsə, biz təyyarələrlə Təbrizi bombalayarıq.”

Fərzad Səmədli əlavə edir ki, “biz beynəlxalq hüquqa üz tutaraq beynəlxalq qurumlardan yardım istəyərək deyirik ki, buradakı duruma baxın. Sabah bir olay çıxmadan öncə bunlara diqqət edin. Çünki, Azərbaycan öz haqlarını istəyir, qarşı tərəf isə inkar edir və ölümdən danışır.”

XS
SM
MD
LG