Accessibility links

Türkiyə bayrağını paylaşan ‘Traktor’ oyunçusu cəzalandırılıb


Təbrizin “Traktor” komandasının oyunçusu Mehdi Bəbri İnstagram hesabında görüntü paylaşaraq Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyata dəstək bildirdiyi üçün İran Futbol Federasiyası tərəfindən cəzalandırılıb.

Mehdi Bəbri Türkiyə bayrağı və bir neçə türk əsgərini göstərən şəkli İnstagram-da paylaşıb. Onun məsullar tərəfindən gələn təpkilərin ardınca paylaşdığı görüntünü silməsi cəza almasına mane olmayıb.

İran Futbol Federasiyasının veb səhifəsinə istinadən Federasiyanın “Əxlaq Komitəsi” Mehdi Bəbrinin əməlini “qeyri-əxlaqi və idmançılıq prinsiplərinə zidd” davranış kimi dəyərləndirib.

Federasiyanın bəyanatında yazılanlara görə, Mehdi Bəbri “Əxlaq Komitəsinin” qəti qərarının çıxarılmasına qədər futbol matçlarından məhrum qalacaq.

Həmçinin sosial mediada Mehdi Bəbriyə qarşı “təhqiramiz sözlər yazan” ‘Sanat Naft’ komandasının oyunçusu Sirvan Qurbanini də cəzalandırıldığı bildirilib.

Son günlər bir çox iranlı məşhur sənətkar və idmançı Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə əlaqədar sosial mediada Türkiyəyə sərt etiraz bildiriblər.

İranın təhlükəsizlik qüvvələri keçən illərdə Türkiyə və Azərbaycan bayraqlarını Təbriz stadionuna aparan azarkeşlər və türk fəalları həbs edib.

Azərbaycan Respublikasının bayrağını öpməkdə ittiham edilən həkim və milli fəal Seyyid Camal Musəvinejad keçən il İnqilab Məhkəməsi tərəfindən bir il həbsə məhkum olunmuşdu.

Musəvinejad Şərqi Azərbaycan vilayətində Sarab şəhərinin İnqilab Məhkəməsində mühakimə edilib. Məhkəmə sənədində yazılanlara görə, məhkəm, çıxardığı hökmdə “müttəhimin xarici ölkənin bayrağına hörmət edib öpməsini göstərən şəkillərə” də əsaslanıb.

XS
SM
MD
LG