Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq Avropa İttifaqının qanunvericiləri qarşısında üzr istəyərək, sosial şəbəkədən sui-istifadənin qarşısının alınması üçün kifayət qədər iş görmədiyini bildirib. O, tənzimləmənin mühüm və qaçılmaz olduğunu deyib.
Avropa Parlamentinin liderləri ilə görüşən Zukerberq avropalılar üçün Facebook şəbəkəsinin əhəmiyyətini vurğulayıb. O üzr istəyərək, sosial platformadan sui-istifadənin qarşısının alınması üçün kifayət qədər iş görülmədiyini bildirib.
“Biz öz məsuliyyətimizə kifayət qədər geniş mənada fikir verməmişik. Bu, səhv idi və mən buna görə üzr istəyirəm”, Zukerberq çıxışında deyib.
Bəzi qaydaların tətbiq edilməsi mühümdür və qaçılmazdır.
O, Facebook şəbəkəsində nəzatərlə bağlı suallara cavab verərkən bildirib ki, məsələ qaydaların tətbiq edilib-edilməməsi deyil, hansı qaydaların tətbiq edilməsindədir.
“Bəzi qaydaların tətbiq edilməsi mühümdür və qaçılmazdır”, o bildirib.
Facebook sosial şəbəkəsi 87 milyon istifadəçi haqda məlumat bazasından informasiyanın sızaraq, siyasi məsləhət şirkəti tərəfindən istifadə edildiyi ilə əlaqədar ciddi tənqidlərlə qarşılaşır.
Zukerberq keçən ay Facebook şəbəkəsinin milyonlarla istifadəçisi haqda məlumatların onların xəbəri olmadan Britaniyanın Cambridge Analytica şirkəti tərəfindən toplandığı haqda xəbərlərin verilməsindən sonra Konqresdə ifadə verməyə çağırılıb. ABŞ prezidenti Donald Trampın kampaniyası 2016-cı ildə potensial seçiciləri səsverməyə cəlb etmək üçün Britaniya şirkətinin xidmətlərindən istifadə edib.