Accessibility links

Güneyli feminist fəal Səfiyə Qarabaği məhkəmədən bəraət alıb


Səfiyyə Qarabaği
Səfiyyə Qarabaği

Güneyli qadın hüquqları müdafiəçisi Səfiyə Qarabaği ona qarşı irəli sürülən ittihamlardan bəraət alıb.

Qarabaği Instagram səhifəsində məhkəmə qərarının mətnini paylaşaraq, Zəncan İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən bəraət aldığını bildirib.

Səfiyə Qarabaği oktyabrın 1-də Instagram səhifəsində paylaşdığı bir neçə məzmuna görə Kəşfiyyat İdarəsi qüvvələri tərəfindən iş yerində həbs edilib və bir həftədən çox nəzarət altına alınaraq dindirilmişdi.

Qarabaği oktyabrın 8-də mülki zəmanət qarşılığında məhkəmə prosesi bitənə qədər müvəqqəti şəkildə sərbəst buraxılmışdı.

Zəncan İnqilab Məhkəməsi qadın hüquqları müdafiəçisini “sistemə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham etmişdi.

O, Zəncanda keçirilən məhkəmə prosesi ilə bağlı Instagram səhifəsində yazıb: “InstaGram səhifəmin məzmunu, xüsusən də Zəncanda keçirilən son aksiyalarla bağlı paylaşdığım hekayələrimlə əlaqədar məhkəmənin bütün proseslərində dindirildim”.

Zəncan şəhərində yaşayan feminist və türk dili haqları müdafiəçisi Qarabaği kəşfiyyat Nazirliyinin qüvvələri tərəfindən iş yerində həbs edilirkən həyat yoldaşı ilə qısa telefon əlaqəsi saxlayaraq, həbs edildiyini xəbər verə bilmişdi.

Onun həyat yoldaşı cənab Ruzbeh Səadəti Zəncanın məhkəmə və təhlükəsizlik orqanlarına ardıcıl müraciətlərdən sonra nəhayət onun Ettelaat İdarəsinin təcridxanasında dindirildiyindən xəbər tutmuşdu.

Cənab Ruzbeh Səadəti Amerikanın Səsinə həyat yoldaşının həbsinin səbəblərini açıqlarkən həyat yoldaşını sənədsiz həbs etdiklərini və nüfuzlu fəalları həbs edərək ictimai fəalların cəmiyyətə təsirini zəiflətmək istədiklərini bildirmişdi.

Qarabaği gender bərabərliyi, qadın hüquqları və qadınlara qarşı zorakılıq, azyaşlı nikahlara qarşı mübarizə və türk dili haqları məzmunlu bir çox məqalənin müəllifidir.

İranda əlçatan olan yeganə sosial şəbəkə platforması olan Instagramın son etirazlar zamanı bloklanmasına baxmayaraq, təhlükəsizlik qüvvələri ölkənin vəziyyəti və hökumət rəhbərliyi haqqında ən kiçik tənqidi yazılar dərc edən ictimai fəalları həbs edir.

Sadəcə Instagramda bir neçə paylaşım və ya hekayəyə görə həbs olunan və həftələrlə təhlükəsizlik qüvvələrinin təcridxanasında sorğu-suala çəkilən bu fəallar bir çox hallarda həbs, şallaq və pul cəzasına məhkum edilir.

XS
SM
MD
LG