Accessibility links

İranda türk dilində film çəkənlər özəl sektorun dəstəyini necə ala bilər? [Audio-Müsahibə]


Fərhad Eyvazi, kinorejissor

İran Azərbaycanında türk dilinin kino sahəsinə çox gec gəlsə də, hazırkı durum ümidvericidir. Bunu Təbrizli rejissor Fərhad Eyvazi deyir. Amerikanın Səsi ilə söhbətdə rejissor son illərdə İran Azərbaycanında çəkilən türkcə filmlərin sayının artmasını və bu filmlərin xüsusiyyətlərini dəyərləndirib, və İranda türk dilli kinonun gələcəyi haqqında danışıb.

Fərhad Eyvazi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:30 0:00

Eyvazi uzun zamandır İran Azərbaycanının müxtəlif mədəniyyət və sənət sahələrində yerinə oturmuş türk dilinin kino sahəsində çox gec yayılmağa başladığına diqqət çəkir:

Düşünün ki, sizin bir hekayəniz var. Bunu öz dilinizdə, öz kültürünüzdən aldığınız elementlər ilə anlatmağa çalışırsınız.
Fərhad Eyvazi

“Son vaxtlar digər kültür sahələrində öz dilimiz və öz kültürümüzdə çalışmalar daha çoxaldı. Kino bunların ən sonda gələni idi. Bir az da demək olar ki, gənclərimiz kinoya diqqət yetirməkdə gec qaldı. Amma İran kinosu dünyada çox məşhur olub, özünə bir yer qazandıqdan sonra, sanki Azərbaycan gəncləri də özlərini özəl bir yerdə görmək istədilər.”

Dili türkcə olsa da, bu hələlik İran kinosudur

Rejissor türk dilində çəkilən filmlərin sayının artmasının ümidverici hal olduğunu vurğulayır, amma buna “Azərbaycan kinosu” adını vermək üçün hələ tez olduğunu deyir.

“2005-ci ildə mən Təbrizdə film çəkərkən, müstəqil kinoçu dediyimiz şey bəlkə barmaq sayısı qədər deyildi. Son zamanlarda getdiyimdə, maşallah bir çox müstəqil gənc kinoçu görürəm. Bunların bir çoxu da türk dilində filmlər çəkir. Bu ümidverici bir şeydir,” deyə o qeyd edir.

"Ev" filmi
"Ev" filmi

Eyvazi əlavə edir, “yəni, bunlar daha çox öz toplumlarında olan problemləri və məsələlərini ələ alırlar. Amma mənim fikrimə görə, bu hələ İran kinosundan ayrı bir şey deyil. Çünki bizim gənclərimizin çoxu ya Tehranda təhsil almışlar, ya da İran kinosunun təsirində olub və onun sayəsində indi olduqları yerə gəlmişlər. Onlar filmlərində, öz dilləri və kültürlərini əks etdirməyə çalışırlar, amma, orada Azərbaycan kinosu adında bir şey varmı? Elə şey yoxdur. Bu gələcəkdə ola bilərmi, gənclərimiz daha irəli gedə biləcəklərmi? Öz mədəniyyətlərinə aid bir dil, yəni sadəcə danışma dili deyil, kinematoqrafiya dili qazanıb və o dildə anlatmağa başladıqları zaman, Azərbaycan kinosu adında bir şeyimiz ola bilər.”

Hekayəni öz dilində və öz toplumunun kodları ilə anlatmaq

Elə deyil ki, biz deyək, biz türkcə filmlər çəkdik və iş bitdi. Çəkdiyimiz filmlər daha güclü olmalıdır.
Fərhad Eyvazi

Türkiyədə fəaliyyət göstərən rejissorun fikrincə, müəyyən bir bölgədə fəaliyyət göstərən bir kinorejissor öz toplumunun hekayəsini öz dilində daha yaxşı anlada bildiyi kimi, izləyici də həmin hekayəni daha yaxşı qavrayacaq.

“Mən kino sənətini hekayə anlatmağın davamı kimi görürəm. Bir insan nə zaman bir hekayəni çox yaxşı anlada bilər? Öz ana dilində olduğu zaman. Bir hekayəni mənimsədikdən sonra, onu daha yaxşı anlada bilərsən. Yəni, türkcə filmlərdə bizim rejissorlarımız öz ana dillərində anlatmağın üstünlüyünü qazana bilirlər. Düşünün ki, sizin bir hekayəniz var. Bunu öz dilinizdə, öz kültürünüzdən aldığınız elementlər ilə anlatmağa çalışırsınız. Bununla daha yaxşı bir anladıcı (hekayəçi) olursunuz, daha yaxşı bir ssenarist olursunuz,” Fərhad Eyvazi bəyan edir.

O əlavə edir, “təbii ki izləyici də öz dilində eşitdiyi bir hekayəni, öz dilində izlədiyi bir olayı daha rahat qavrayacaq. Daha rahat mənimsəyəcək və onunla əlaqə quracaq. Yəni bu hər iki tərəf üçün gərəkli bir şeydir: Hekayəni öz dilində və öz toplumunun kodları ilə anlatmaq.”

Ərk qardaşları keçən may ayında Kann Film Festivalının fondu Cinéfondation Seçiminin mükafatına layiq görüldülər.
Ərk qardaşları keçən may ayında Kann Film Festivalının fondu Cinéfondation Seçiminin mükafatına layiq görüldülər.

Təbrizli rejissor filmlərin türk dilində çəkilməsi ilə bərabər, keyfiyyət baxımından da irəliləməyin zərurətinə diqqət çəkir: “Elə deyil ki, biz deyək, biz türkcə filmlər çəkdik və iş bitdi. Çəkdiyimiz filmlər daha güclü olmalıdır. Son vaxtlar “Ev” filmini gördük. Gerçəkdən ümidverici bir filmdir. Ərk qardaşları çox yaxşı filmlər çəkir. Mən hesab edirəm ki, bunlar yolu açıblar. Onların arxasından gedən gənclər də bu yolu gedəcək. Gələcək daha yaxşı olacaq.”

Özəl sektorun dəstəyini cəlb etmək

Kino sənətində maddi imkan və dəstəyin önəminə diqqət çəkən Eyvazi, özəl sektorun dəstəyini cəlb etməyin yollarını da dəyərləndirir.

Dünyanın hər yerində belədir. Özəl sektor soruşar ki, mən bu pulu verdiyimdə, mənə qarşılığında nə verəcəksən... Türk dilində film çəkən hərkəsin dəstək alması lazım deyil. O dəstəyi elə bir rejissor almalıdır ki, güclü əsərlər ortaya qoya bilsin
Fərhad Eyvazi

O deyir ki, “kinonun bir ayağı sənətsə, digər ayağı da puldur. Sponsor məsələsi çox önəmlidir. İranın bir çox yerində elədir. Bu Azərbaycanda gənclər üçün daha da önəmlidir. Çünki imkanlar azdır və bizim özəl sektor hələ bizim kinonun nə olduğunu bilmir. Gənclərin bir işlər görməsi gərəkir. Özlərini isbatlamalıdırlar.”

Fərhad Eyvazi özəl sektora bir fayda vermədən, ondan dəstək gözləməyin realist bir baxış olmadığını önə çəkir.

“Bir neçə dost bir-birinin layihələrində fərqli rollar almaqla bir-birlərinə yardım etməlidirlər. Əgər dursalar ki, biz öncə sponsor tapıb, sonra film çəkəcəyik, bu bizi durğunluğa çəkəcək... Özlərini isbatladıqdan sonra, bir neçə festivalda özlərini göstərdikdən sonra, özəl sektorun qapısını çala bilərlər... məsələni idealist deyil, ticari baxımdan dəyərləndirsək, özəl sektor baxacaq ki, mən bu filmə dəstək olsam, mənim işimə nə qədər faydalı olacaq, bu mənə nə qədər reklam gətirəcək? Buna görə, bu gənclər özəl sektorun qapısını çalanda, diyə bilməlidirlər ki, bax mənim bu filmim bu festivalda, buralarda göstərildi və mənə dəstək versən, bu sənin üçün bir reklam olacaq... Dünyanın hər yerində belədir. Realist baxışla baxanda, özəl sektor soruşar ki, mən bu pulu verdiyimdə, mənə qarşılığında nə verəcəksən?” deyə Eyvazi ifadə edir.

Eyvazinin fikrincə, sırf filmin türk dilində çəkildiyi üçün dəstək gözləmək xeyir verməməklə bərabər zərər də gətirə bilər:

“Mən İran Azərbaycanında türkcə film çəkirəm və buna görə, özəl sektor mənə pul versin! Məncə bunu demək hətta kinoya zərərdir. Türk dilində film çəkən hərkəsin dəstək alması gərəkmir. O dəstəyi elə bir rejissor almalıdır ki, güclü əsərlər ortaya qoya bilsin.”

XS
SM
MD
LG