Accessibility links

Bu həftə sonu Ukraynada döyüşlər şiddətlənə bilər


Ukrayna rəsmiləri ölkə əhalisinə xəbərdarlıq edib ki, Rusiya qoşunları ilə döyüşlər Rusiyada bazar ertəsi Sovet İttifaqının Nasist Almaniya üzərində qələbəsinin 77-ci ildönümü münasibətilə qeyd olunan Qələbə Günündən öncə, bu həftə sonu şiddətlənə bilər.

Bayram səbəbilə Rusiya boyu hərbi paradlar keçirilir.

Reuters xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qərbə “qiyamət” mesajı verəcək.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü cümə günü bildirib ki, Rusiyanını Ukraynaya taktiki nüvə silahı atmaq niyyəti yoxdur.

“Rusiya nüvə müharibəsində qalibin olmadığına və bu cür müharibənin başladılmamalı olduğuna dair prinsipə qətiyyətlə əməl edir,” Aleksey Zaytsev deyib.

Ukraynanın milli təhlükəsizlik şurasının rəsmiləri cümə günü deyib ki, Qələbə Günündə Ukraynanın bəzi hissələrinə hücumlar arta bilər.

“Rusiya qoşunları Qələbə Gününə qədər cəbhədə hər hansı əhəmiyyətli nailiyyətlə öyünə bilməyəcəkləri üçün, bu günlərdə Ukrayna şəhərlərinə kütləvi hücumların olacağına dair risk artır,” rəsmi Facebook-da yazıb.

Ukrayna vətəndaşlarına hava hücumu sirenalarını eşitdikləri zaman gizlənmələri və Rusiya hücumlarının artacağı gözlənildiyi üçün böyük yığıncaqlardan yayınmaları barədə xəbərdarlıq edib.

Ancaq şənbə günü səhər Putinin qüvvələri hələ də Mariupoldakı polad zavodunu Ukrayna döyüşçülərindən ələ keçirə bilməyib.

Cümə günü zavodun altındakı tunellərdən daha çox mülki vətəndaş xilas edilib. Zavodda ilişib qalan ukraynalılar Moskvanın strateji liman şəhərinin tamamını ələ keçirməsinin qarşını almağa çalışırlar.

Ukrayna baş nazirinin müavini İrina Vereşuk deyib ki, cümə günü zavoddan 50 mülki vətəndaş təxliyə edilib. Rusiya İdarələrarası Humanitar Cavab Mərkəzinin bildirdiyinə görə, onların 11-i uşaqdır.

Mariupol Rusiyanın hücumu nəticəsində dağılıb. Rusiyanın ən son təxminlərinə görə, Azovstal polad zavodunun altındakı tunel və bunkerlərdə 2000-ə yaxın Ukrayna döyüşçüsü var və onlar dəfələrlə təslim olmaqdan imtina edib.

Mariupolda yerli rəsmiləri cümə günü Rusiyanı polad zavodundan mülki vətəndaşları evakuasiya etmək üçün hərəkət edən maşına atəş açaraq, bir döyüşçünü öldürməkdə və atəşkəs razılığını pozmaqda ittiham edir.

Ağ Ev cümə günü deyib ki, ABŞ Prezidenti Co Bayden və Böyük İyirmilərin digər liderləri bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə virtual görüş keçirəcək.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası cümə günü yekdilliklə Ukraynadakı böhranın diplomatik həllini dəstəkləyən qətnamə qəbul edib. Bu, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edəndən bəri Təhlükəsizlik Şurasının ilk belə bəyanatıdır.

Papa Fransis cümə günü Mariupoldakı hadisələr fonunda Ukraynadakı müharibəni “barbar” adlandırıb, çünki münaqişədə xristianlar xristianlara qarşı döyüşür. O bunu Vatikanda katoliklər, pravoslavlar və başqa xristianlar arasında birliyi təşviq edən idarənin üzvlərinə deyib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirib ki, Rusiyanın Ukraynadan taxıl oğurladığına dair işarələr var.

ABŞ-ın birinci ledisi Cill Bayden cümə günü ABŞ qoşunları və Ukraynaya dəstəyini nümayiş etdirmək məqsədi daşıyan Avropa səfəri çərçivəsində Rumıniyada Mihail Koqalniçanu hava bazasına üz tutub. Rumıniyadan sonra o, Slovakiyaya yola düşəcək və orada bazar günü didərgin düşən ukraynalı ailələrlə görüşəcək.

XS
SM
MD
LG