Accessibility links

Fikrət Hüseynli Ukrayna ərazisini tərk edib


Fikrət Hüseynli
Fikrət Hüseynli

Jurnalist Fikrət Hüseynli aprelin 17-də Ukrayna ərazisini tərk edib. O hazırda Avropadadır, vətəndaşı olduğu Niderlanda yola düşüb. Bu barədə Fikrət Hüseynlinin əməkdaşı olduğu Turan TV-nin rəhbəri Qənimət Zayidov Facebook səhifəsində yazıb.

Fikrət Hüseynlinin özü hələ sosial şəbəkələr vasitəsi ilə etdiyimiz sorğuya cavab verməyib.

Fikrət Hüseynlinin vəkili Dmytro Mazurok Amerikanın Səsinə bildirib ki, artıq Kiyev Vilayət Prokurorluğu məhkəmənin qərarını yerinə yetirərək Hüseynlinin pasportunu qaytarıb.

“Ancaq aprelin 19-da məhkəmə jurnalistin Ukrayna ərazisini tərk etməməklə bağlı götürdüyü öhdəliyin aradan qaldırlmasına baxacaq”, vəkil qeyd edib.

Fikrət Hüseynli Azərbaycanda nəşr olunmuş “Azadlıq” qəzetinin əməkdaşı olub. O, təqiblərlə üzləşdikdən sonra Azərbaycandan Niderlanda mühacirət edib və bu ölkənin vətəndaşlığını alıb.

Jurnalist 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa uçarkən Azərbaycanın İnterpol xətti ilə sorğusu əsasında saxlanılıb. Azərbaycanda o, dələduzluq və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi onun Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.

Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Fikrət Hüseynlini azad edib. Eyni zamanda məhkəmə dövlət ittihamçısının Fikrət Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev Vilayət Prokurorluğu Fikrət Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.

Protest üzrə məhkəmə yanvarın 17-də başlayıb, ancaq 4 dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.

Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.

Prokurorluğun müraciəti əsasında məhkəmə jurnalistin sənədlərinin ekstradisiya ilə bağlı yoxlanılması üçün prokurorluğa dəfələrlə vaxt verib. Nəhayət son məhkəmə iclası aprelin 2-də olub və prokurorluğun sənədlərin ekstradisiya üçün yoxlanılmasına son verilməsi qərarını qəbul edib.

Aprelin 2-də Kiyevin Piçerski rayon Məhkəməsi jurnalistin ektradisiyası ilə bağlı Kiyev Vilayət Prokurorluğunun yoxlamasının dayandırılması və jurnalistin pasportunun qaytarılması barədə qərar qəbul edib. Məhkəmə Hüseynlinin Ukraynanı tərk etməsinə icazə verib.

Lakin prokurorluq aprelin 16-dək jurnalistin sənədlərini qaytarmaqdan imtina edib və yenidən ekstradisiya ilə bağlı sənədlərin yoxlanılmasının vaxtının uzadılmasını istəyib. Dünən məhkəmə prosesi aprelin 19-dək təxirə salınıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Ukrayna hüquq müdafiə təşkilatları Fikrət Hüseynliyə qarşı təqiblərin dayandırılması və dərhal vətəndaşı olduğu Niderlanda yola salınması xahişi ilə Ukrayna hökumətinə müraciət edib.

Fikrət Hüseynli yaxın zamanda Kiyev Vilayət Prokurorluğnunda ona qarşı olan qanunsuzluqlar, qanunsuz saxlanılması müddətində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mürtaciət edəcəyini bildirib.

XS
SM
MD
LG