Accessibility links

Ukrayna məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib


Fikrət Hüseynli
Fikrət Hüseynli

Ukrayna Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlini 18 sutka həbs edib. Bu barədə Amerikanın Səsinə onun vəkili Dmitri Mazurok bildirib.

F.Hüseynli oktyabrın 14-də səhər Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu əsasında saxlanılıb. O, dələduzluqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Jurnalistin müdafiəsini Ukrayna Helsinki İnsan Hüquqları Birliyi təmin edir.

Vəkilin sözlərinə görə, F.Hüseynli müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Müdafiə tərəfi məhkəmənin qərarı ilə razı deyil. Vəkilin fikrincə, F.Hüseynli dərhal azad edilməli və onun vətəndaşı olduğu ölkəyə qayıdışı təmin olunmalıdır. Ən qısa zamanda məhkəmənin qərarından şikayət veriləcək.

Vəkil qeyd edib ki, bugünkü prosesdə F.Hüseynlinin öz peşə fəaliyyətinə görə siyasi təqiblərə məruz qalması və siyasi mülahizələrlə Niderlandda siyasi sığınacaq alması barədə lazımi informasiyanı təqdim etmək mümkün olmayıb.

"Niderland Krallığı konsulluğu Apellyasiya Məhkəməsinin iclasına qədər bu informasiyanı təqdim edəcək", vəkil bildirib.

XS
SM
MD
LG