Accessibility links

Financial Times: Rusiya artıq danışıqlar zamanı Ukraynanın “denasifikasiyasını” tələb etmir


Rusiya artıq danışıqlar zamanı Ukraynanın “denazifikasiyasını” tələb etmir və Ukraynanın neytral statusa malik olacağı təqdirdə ölkənin Avropa İttifaqına daxil olması ilə razılaşmağa hazırdır. Bu barədə Financial Times qəzeti danışıqlarla bağlı məlumatı olan dörd mənbəyə istinadən yazıb.

Qəzetə məlumat verən mənbələr bildirirlər ki, Moskva və Kyiv Ukraynanın təhlükəsizlik qarantiyaları müqabilində NATO-ya üzv olmaqdan imtina etməsi və Avropa İttifaqına daxil olmaq imkanı da daxil olmaqla münaqişənin həlli variantlarını müzakirə edir.

Onların bildirdiyinə görə, eyni zamanda razılığa dair layihədə Rusiyanın “demilitarizasiya”, “denasifikasiya” və Ukraynada rus dilinin qorunması kimi üç ilkin tələbi yoxdur.

Financial Times yazır ki, Moskvanın güzəştə getməsi onunla bağlıdır ki, Rusiya qüvvələrinin hücumu ukraynalıların gözlənildiyindən daha şiddətli müqaviməti nəticəsində səngiyib.

Qəzet qeyd edir ki, Ukrayna və onun Qərb müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin niyyətlərinə şübhə ilə yanaşır. Onlar ehtiyat edir ki, o, danışıqlardan öz hərbi qüvvələrini artırmaq və yeni hücum planlaşdırmaq üçün “pərdə” kimi istifadə edə bilər.

Ukraynanın danışıqlar qrupunun üzvü David Araxamiya Financial Times qəzetinə bildirib ki, tərəflər təhlükəsizlik zəmanətləri və Ukraynanın Aİ-yə daxil olma ehtimalı ilə bağlı razılaşmaya yaxındırlar, lakin onun fikrincə, danışıqlarda inkişaf perspektivinə belə ehtiyatla yanaşmaq lazımdır.

Başqa bir mənbə qəzetə bildirib ki, Kyiv Moskvanın həm hərbi təzyiqlər, həm də danışıqlarda tələblərlə bağlı durmadan dəyişən mövqeyindən narahatdır.

Tərəflərin nəzərdən keçirdiyi razılaşma çərçivəsində Ukrayna nüvə silahının hazırlanması, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi və NATO-ya daxil olmaq istəyindən əl çəkməlidir. Bunun müqabilində Kyiv 11 ölkə - Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Polşa, Türkiyə və İsrail tərəfindən ratifikasiya edilməli olan təhlükəsizlik zəmanətləri alacaq.

Ukrayna danışıqlar qrupunun üzvü David Araxamiya bu təminatları “NATO-nun 5-ci maddəsinə yaxın” adlandırır, buna görə Alyansın bütün üzvləri müttəfiqə hücum zamanı onu müdafiə etməyə borcludurlar.

Martın 28-dən 30-dək Türkiyədə Rusiya və Ukrayna nümayəndələri arasında təkbətək danışıqların yeni raundu keçirilməlidir. Tərəflər artıq İstanbuldadır.

XS
SM
MD
LG